Şəhid ailə üzvləri və qazilərə təmənnasız oftalmoloji xidmət göstərilib

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov silsilə pulsuz əməliyyat kampaniyalarını davam etdirir. 

 

Bu barədə danışan Q.İsmayılov bildirib ki, ehtiyacı olan insanlara dəstək məqsədilə hər il belə tədbirlər keçirilir: “Bu il də təmənnasız aksiyalarımıza start verdik. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbçilər, qazilər və şəhid ailələrinin üzvləri üzərində lazer əməliyyatı icra olundu. Bu aksiyada bir az fərqli seçim apardıq. Belə ki, respublikamızın müxtəlif regionlarından olan vətəndaşlarımıza tibb xidmət göstərdik”.

Şöbə müdiri bildirib ki, müxtəlif kateqoriyalardan insanların seçilərək, tam təmənnasız əməliyyat olunduğu kampaniyalar ATU-nun rektoru, professor Gəray Gəraybəylinin dəstəyi ilə həyata keçirilir.

Onun sözlərinə görə, aprelin 28-də Azərbaycan oftalmologiyasının görkəmli nümayəndələrindən olan Zərifə Əliyevanın doğum günü münasibətilə tələbələr arasında aksiya keçiriləcək: “Mayın 10-da - ulu öndərin doğum günündə isə tələblərimiz arasında ekzemer lazer əməliyyatlarının icrası nəzərdə tutulub”.