Aprelin 1-də Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə növbəti onlayn tədbir baş tutub. Bu beynəlxalq tədbirdə bariatrik-metabolik cərrahiyyənin müasir metodları və piylənmənin müalicəsində qastrik arteriya embolizasiyasının rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.
Dünyanın 62 ölkəsindən nümayəndələr tədbiri canlı şəkildə izləyə bilib. Bu nüfuzlu tədbirdə ölkəmizi Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Tariyel Ömərov təmsil edib.
Çexiya Respublikasından OB klinikasının, Piylənmə və Metabolik Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri, Çarlz Universitetinin professoru Martin Fried “Piylənmənin müalicəsində qastrik arteriya embolizasiyasının rolu” mövzusunda məruzə ilə çıxış edib. O, rəhbərlik etdiyi mərkəzdə apardığı elmi-tədqiqatlar və onların ikiillik nəticələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Növbəti məruzəçi isə Fransadan professor Jerome Dargent olub. Onun “Müasir endoskopik bariatrik cərrahi prosedurlar” mövzusunda çıxış da maraqla qarşılanıb. Professor təmsil olunduğu ölkədə çoxsaylı multimərkəzlərdə apardığı cərrahi əməliyyatlar və əldə etdiyi nailiyyətlər barədə iştirakçıları bilgiləndirib.
Qeyd edək ki, Beynəlxalq Piylənmə Cərrahiyyəsi və Metabolik Xəstəliklər Dərnəyində dünyanın 67 ölkəsindən nümayəndələr təmsil olunur. Dərnəyin rəhbəri 2 ildən bir seçki yolu ilə dəyişir. Hazırda dərnəyin rəhbəri Avstraliyanın Sidney Universitetinin professoru Lilian Kodur. Növbəti iki ildə isə onu Harvard Universitetinin Bariatrik və Metabolik Cərrahiyyə Bölməsinin rəhbəri, professor Şikott Şikora əvəz edəcək.