ATU-nun İntizam Komissiyasının üzvləri aralıq qiymətləndirmə prosesini izləyiblər

 

İmtahan Mərkəzində hər hansı kənar müdaxilənin qarşısı nəzarətçılər tərəfindən alınır, araşdırılır və universitet rəhbərliyinə məlumat verilir

ATU-nun tərbiyə işləri üzrə prorektoru, İntizam Komissiyasının sədri, dosent Zülfüqar Musabəyov və komissiyanın üzvləri – ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, uşaq xəstəlikləri kafedrasının müəllimi Qoşqar İsmayılov universitetin İmtahan Mərkəzində olublar. Burada keçirilən aralıq qiymətləndirmə prosesini izləyən komissiya üzvləri intizam qaydalarına necə əməl edilməsi, eyni zamanda tətbiq olunan yeniliklərlə maraqlanıblar.

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova bildirib ki, başlıca prioritet obyektivliyin və şəffaflığın qorunması, tələbə və müəllim ünsiyyətinin minimuma endirilməsidir.

Qeyd olunub ki, mərkəzləşmiş qaydada keçirilən kollekvium nəzərdə tutulan 3 kollekviumdan 2-cisidir. Bu qiymətləndirmə zamanı tələbənin işinə heç kim müdaxilə edə bilmir. O da diqqətə çatdırılıb ki, bütün fakültələr üzrə ən aşağı nəticə xarici tələbələrə aiddir. Həmçinin aralıq qiymətləndirmənin nəticələri qeyri-ixtisas fənləri üzrə yüksək, ixtisas fənləri üzrə isə aşağı olur.

Aralıq qiymətləndirmənin üstünlüyü ondadır ki, tələbə nəticələri kompüter vasitəsilə öyrənir. Bu sorğu ilk növbədə imtahanqabağı hazırlığın əsas göstəricilərindən biridir. Əvvəllər bəzi tələbələr köməkçi vasitələrdən istifadə etməyə cəhd göstərirdisə də, artıq belə hallar yoxdur. Çünki kənar müdaxilənin qarşısı nəzarətçılər tərəfindən vaxtında alınaraq araşdırılır, universitet rəhbərliyinə məlumat verilir. Nəticədə aralıq qiymətləndirmənin tələblərini pozan tələbələrin cavabları sıfırlanır.

Tələbə çalışır ki, müdaxilə üçün özünə yeni vasitələr tapsın. Amma İmtahan Mərkəzi də daim öz işini təkmilləşdirir, ən yeni vasitələrlə qabaqlayıcı tədbirlər görür. İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzi tərəfindən xüsusi bir kod hazırlanaraq İmtahan Mərkəzinə təqdim olunub. Bu kodun tətbiqindən sonra tələbə imtahana ya yuxarı, ya da aşağı zalda daxil ola bilər. Kənardan müdaxilə isə qeyri-mümkündür.

Tətbiq edilən yeniliklərin imtahan prosesinə müsbət təsiri vurğulanıb. Qeyd edilib ki, müəllim tələbənin qiymətini, davamiyyət göstəricisini dəyişə bilməz. Tələbələr testlərə proqrama uyğun sualların salındığını, aralıq qiymətləndirmə prosesinin çox rahat keçdiyini deyiblər.

İmtahana nəzarət qrupunun rəhbəri Pəri İsaqova prosesin ciddi nəzarətdə saxlanıldığını söyləyib. Prosesə müsbət təsir edən əsas amillərdən biri də imtahan cədvəlinin dəqiqliklə tərtib edilməsidir. Məhz bunun nəticəsidir ki, imtahan zamanı heç bir çıxlıq müşahidə olunmur. Eyni fəndən imtahan verən tələbələrin yanaşı oturması hallarına da rast gəlinmir.

İctimai səhiyyə fakültəsinin akademik məsləhətçisi Nailə Məmmədova, əczaçılıq fakültəsinin akademik məsləhətçisi Elnurə Atakişiyeva, stomatologiya fakültəsinin akademik məsləhətçisi Gülxanım Əliyeva və nəzarətçi Albert Zəkizadə də aralıq qiymətləndirmənin təşkili, aparılması ilə bağlı fikirlərini bölüşüblər.

ATU-nun İntizam Komissiyasının sədri, dosent Zülfüqar Musabəyov bütün sahələrdə olduğu kimi, imtahan prosesində də nizam-intizam qaydalarına ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Komissiya sədri prosesi izləyərkən apardığı müşahidələrin onda müsbət təəssürat yaratdığını deyib və bu istiqamətdə görülən işlərdən məmnunluğunu ifadə edib.