“Bakı Gənclər Debat Forumu”nun qalibləri məlum olub

 

Mükafatçılar arasında Azərbaycan Tibb Universitetinin “Korona Mortis” komandası da var

 

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aprelin 7-də Azərbaycan Tibb Universitetində “Bakı Gənclər Debat Forumu”nun bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Qonaqları salamlayan ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev deyib ki, debatın məqsədi gənclərdə natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların müstəqil qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdən ibarətdir. O, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin “Milli debat proqramı” çərçivəsində Azərbaycan Tibb Universitetinin Debat klubunun da fəaliyyət göstərdiyini vurğulayıb və iştirakçılara uğurlar diləyib.

“Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Ülviyyə Axundova rəhbərlik etdiyi təşkilat haqqında məlumat verərək bildirib ki, kütləvi layihələrdən biri olan “Milli debat proqramı” debat metodologiyası yolu ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Təşkilat respublikanın 45 rayon və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi, 60-dan çox debat klubunu özündə birləşdirir. “Vətəndaş Cəmiyyətində Debat” İB fəaliyyət göstərdiyi 23 il ərzində gənclərin maarifləndirilməsi, təşəbbüslərinin dəstəklənməsi və dövlət gənclər siyasətinə dəstək verilməsi istiqamətində minlərlə layihə, təlim, tədbirlər həyata keçirib.

İndiyədək proqram çərçivəsində həyata keçirilən tədbirlərdə 50 mindən artıq gəncin iştirak etdiyini deyən İB sədri bildirib ki, “Milli debat proqramı” gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrin inkişafı kursuna dəstək verilməsi məqsədi güdür. O qeyd edib ki, finalı keçirilən “Bakı Gənclər Debat Forumu”nda 16 ali təhsil müəssisəsi, 36 komanda (Azərbaycan və rus bölməsi üzrə), 300-dən çox tələbə iştirak edib. Layihənin hədəfi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsi olub.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatları Vüqar İsgəndərov və Cəbi Quliyev, YAP-ın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev forumda çıxış edərək debatın tələbələrin gələcək həyatı üçün əhəmiyyətindən söhbət açıblar. Onlar debat mədəniyyətinin gənclərin dil qabiliyyətinin artırılmasında, natiqliyinin zənginləşməsində, gələcək peşə fəaliyyətlərində və eləcə də bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını söyləyiblər.  Qeyd olunub ki, tələbələr arasında şou-debatın inkişaf etdirilməsi ictimai aktuallıq kəsb edən məsələlərdəndir. Belə tədbirlərin keçirilməsi gələcəkdə hər hansı sahədə çalışmasından asılı olmayaraq, gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə kömək edəcək.

Daha sonra forumun Azərbaycan bölməsi üzrə finalçıları - Azərbaycan Tibb Universitetinin “Korona Mortis” və Azərbaycan Memarlıq və İnşaat  Universitetinin “Hər ehtimala qarşı” komandaları dünyada və ölkəmizdə aktual olan “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” mövzusunda canlı debata başlayıblar. Forumun formatına uyğun olaraq hər iki komanda üzrə 6 spiker təsdiq və inkar mövqelərini ortaya qoyublar. Hər bir spiker öz reqlamenti çərçivəsində əsas anlayış, meyar və arqumentlərini təqdim, təkzib və təhlil ediblər.

Sonda münsiflər heyətinin müəyyənləşdirdiyi qaliblər elan olunub. Azərbaycan bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat  Universitetinin “Hər ehtimala qarşı”  komandası, rus bölməsi üzrə isə Bakı Dövlət Universitetinin “Katyuşa BQU” komandası birinci yerə layiq görülüblər. Digər komandaların fərqlənən iştirakçıları finalçı və ən yaxşı natiq nominasiyaları üzrə diplomlarla təltif ediliblər. 

Məlumat üçün bildirək ki, universitetimizin finala qədər gəlib çıxmış “Korona Mortis” komandasının debatçıları - Yunis Məmmədli və Məhəmməd Məmmədov da mükafatçılar sırasında yer alıblar. Onların hər ikisinə “Ən yaxşı natiq” diplomu verilib.

“Bakı Gənclər Debat Forumu”nun bağlanış və mükafatlandırma mərasimində iştirakçı komandaların təmsil etdiyi ali təhsil müəssisələrinin rəhbərliyi, gənclər təşkilatlarının sədr və üzvləri, həmçinin Debat klublarının nümayəndələri iştirak edirdi.