Azərbaycanlı alimlərə Rusiya Elmlər Akademiyasının xarici üzvü diplomu təqdim olunub

 

Görkəmli alim, Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi-professoru, əməkdar elm xadimi, “Şöhrət” ordenli Vaqif Bilas oğlu Şadlinskiyə Rusiya Elmlər Akademiyasının (REA) xarici üzvü diplomu təqdim olunub.

Qeyd edək ki, V.Şadlinski 2014-cü ildə Azərbaycandan olan digər alimlərlə birgə səsvermə yolu ilə REA-nın üzvü seçilib. İndiyədək Rusiyanın bu ali elm qurumunun 450 xarici üzvü olub. Xarici üzvlər səsvermə yolu ilə müəyyənləşir, Rusiya prezidenti tərəfindən təsdiq edilir.

Professordan aldığımız məlumata görə, tibb üzrə REA-nın akademiki diplomu 4 azərbaycanlı alimə təqdim olunub. Onlar Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, millət vəkili, ATU-nun Onkolokji Klinikasının direktoru, onkologiya kafedrasının müdiri, akademik Əhliman Əmiraslanov və ATU-nun normal fiziologiya kafedrasının müdiri, professor, AMEA-nın müxbir üzvü Arif Məmmədovdur.

Qeyd edək ki, professor V.Şadlinski Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının da akademikidir. Uzun illər ərzində ölkəmizdə tibb təhsilinin inkişafında, eləcə də ali təhsilli peşəkar tibbi kadrların hazırlanmasında böyük əməyi olan Vaqif müəllim həm də ölkəmizin ictimai həyatında aktiv iştirak edir. Belə ki, o, Nəsimi rayon Ağsaqqallar Şurasının sədridir.

Rusiya Elmlər Akademiyasının xarici üzvü diplomunun təqdim olunması münasibətilə dəyərli alimlərimizi təbrik edir, onlara cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.