Səbinə Əhmədova: “Günəş aktivliyinin maksimal saatlarında suya davamlı və qoruyucu kremlərdən istifadə etmək məsləhətdir”
Məlum olduğu kimi, Günəş bütün canlıların və bitki aləminin yaşam mənbəyidir. Yaz-yay aylarında Günəş Yer kürəsinə daha da yaxınlaşır və onun şüaları getdikcə yandırıcı olur. Bu səbəbdən də insanlar bu aylarda sərin yerlərə, kölgəliklərə üstünlük verir. Amma bəzən fəsadlardan qaçmaq mümkün olmur.
ATU-nun dermatovenerologiya kafedrasının dosenti Səbinə Əhmədova deyir ki, Günəş şüasına həssaslığın artması nəticəsində dəri reaksiyası - Günəşə qarşı allergiya yaranır: “Statistikaya görə, dünyada insanların təxminən 20%-i bu xəstəliklə qarşılaşır. Dərinin Günəşə reaksiyası gözlənilməz ola bilər, çünki bu, immun sistemin ultrabənövşəyi şüaya reaksiyasıdır. Məsələ ondadır ki, immunitet sistemimiz dəyişmiş hüceyrələri yad kimi qəbul edir. Günəş şüasının təsiri altında dəri dəyişir, qıcıqlandırıcı obyekt olan allergenlə təmasda dəri və daxili orqanların hüceyrələri tərəfindən hasil olunan histamin maddəsi sərbəst çıxır. Beləliklə, histamin hasilatı üçün tətikləyici mexanizm olan “antigen-anticisim” kompleksi meydana gəlir. Bu proses nəticəsində dəri reaksiyaları səpgi, qızartı, piqment ləkələri və qaşınma şəklində təzahür edir”.
Onun sözlərinə görə Günəşə, xüsusən də yaz Günəşinə qarşı allergik reaksiya bədənin hər hansı bir hissəsində baş verə bilər. Lakin daha çox aktiv şəkildə insolyasiyaya məruz qalan yerlərdə müşahidə olunur: “Üz, boyunun ön və arxa səthləri, dekolte, əl və ayaqlarda fotodermatitin simptomları irsi ola bilər. Həmçinin əlavə faktorların, məsələn, dərman vasitələrinin və ya dəri ilə təmasda olan floranın müəyyən təsiri altında baş verə bilər. Fotodermatitin aydın nümunəsi kimi çəmən dermatitini göstərmək olar. Yaz-yay çiçəklənmə dövründə bir çox çəmən bitkiləri xüsusi maddələr - furokumarinlər ifraz edir. İnsan allergenin yaxınlığında olduqda, bunlar dəri üzərinə çökür. Eyni zamanda ultrabənövşəyi şüanın təsirindən, ona həssas olan bəzi insanlarda dəri qızartısı və səpgilər əmələ gələ bilər. Səpgilər güclü qaşınma ilə müşayiət olunur. Dəri reaksiyası özündən sonra uzunmüddətli piqmentasiya qoyur. İnsolyasiyadan əvvəl dəriyə - tərkibində eozin, para-aminobenzoy turşusu, berqamot, dazıotu, qızılgül, müşk və səndəl ağacı yağları, şüyüd və cəfəri suyu, bor və salisil turşusu, fenollar, civə preparatları olan krem, ətir və digər kosmetik vasitələr tətbiq edilərsə, onun Günəşə reaksiyası - fotodermatit baş verə bilər”.
Həkim bildirir ki, dərinin Günəşə reaksiyası, Günəş şüasının dalğa uzunluğu və aktivliyi yüksək olan yaz mövsümündə istənilən insanda inkişaf edə bilər: “Ən çox Günəş allergiyası birinci dəri fototipinə (avropoid irqi) sahib olan insanlarda və dərinin müdafiə mexanizmləri xeyli aşağı olan kiçikyaşlı uşaqlarda baş verir. Eləcə də ilboyu solyaridən sui-istifadə edən pasiyentlərdə yaz-yay dövründə fotodermatitin inkişaf riski çox yüksəkdir. Fotodermatitə bəzi antibiotiklər (doksisiklin, tetrasiklin), sitostatiklər, qeyri-steroid iltihabəleyhinə preparatlar (ibuprofen, aspirin) və kimyəvi vasitələr səbəb olur. Bundan əlavə, bəzi tərəvəz bitkiləri və bütün növ sitrus meyvələri Günəşə qarşı həssaslıq yarada bilər.
Dərinin qızartısı və iltihabı, dəri örtüyünün qabıqlanması və irinciklər şəklində səpgilər, müxtəlif intensivlikdə qaşınma və göynəmə, yüksək hərarət, halsızlıq, başgicəllənmə fotodermatitin yerli və ümumi simptomlarıdır. Göstərilən bu simptomlar dərhal deyil, insolyasiyadan bir neçə saat sonra yarana bilər. Günəş nə qədər aktiv olsa, reaksiya bir o qədər kəskin olacaq. Günəş aktivliyinin maksimal saatlarında suya davamlı və qoruyucu kremlərdən istifadə etmək məsləhətdir”.
S.Əhmədova qeyd edir ki, Günəşə qarşı dəri reaksiyasının yüngül halları müalicə olmadan ötüb keçsə də, ağır hallarda zədələnmiş nahiyələrə steroid kremlər sürtülür və antihistamin preparatlar təyin edilir. Simptomların dərinin Günəşə reaksiyası və ya başqa xəstəliyə aid olmasını isə yalnız həkim təyin edə bilər.