“Təbib” İstirahət Düşərgəsində dincələnlər rahat şəraitdən razılıq edirlər
Azərbaycan Tibb Universitetinin əməkdaşları hər il olduğu kimi, bu il də Nabran qəsəbəsində yerləşən "Təbib" İstirahət Düşərgəsində ailəvi istirahət edirlər. Burada 3 növbədən ibarət olmaqla, hər növbədə 200-dən çox şəxs 15 gün ərzində mənalı dincəlmək, asudə vaxtlarını səmərəli keçirmək imkanları əldə edə bilirlər.
Təmiz və səliqəli otaqlar, ətrafda yaradılan sakitlik, mənalı və yaddaqalan istirahət üçün təşkil olunan idman yarışları burada dincələnlərin hamısının ürəyincədir. "Təbib" İstirahət Düşərgəsi Nabranda fəaliyyət göstərən digər istirahət düşərgələrinə görə bir sıra özəlliyi ilə fərqlənir. Əvvala, burada istirahət edənlər ATU-nun əməkdaşları olduğundan düşərgədə bir mehribançılıq, bir-birlərinə xoş münasibət ab-havası hökm sürür. Həm də yeməklərin təmiz və keyfiyyətli şəkildə hazırlanmasına, qidaların saxlanma şəraitinin standartlara cavab verməsinə, istirahət otaqlarında, həyətdə təmizliyə, səliqə-sahmana, sakitliyə ciddi fikir verilir və əməkdaşlara qayğı göstərilir. Universitet rəhbərliyinin və Həmkarlar Komitəsinin yaratdığı rahat şəraitdən istirahət edənlərin razı qalması həm də düşərgəyə rəhbərlik edən Malik Əbülhəsənovun işini bacarıqla yerinə yetirməsindən irəli gəlir.
Həmkarlar Komitəsinin sədri Cahangir Qasımov və düşərgənin rəisi Malik Əbülhəsənov işlərini dəqiq və nizamlı şəkidə qurduqlarına, uşaqların da istirahətinin yüksək səviyyədə, təhlükəsiz şəkildə təşkilinə görə burada istirahət edən universitet əməkdaşları onların fəaliyyətindən olduqca razıdırlar.