Azərbaycan Tibb Universitetində “Studentvision” musiqi layihəsi baş tutub. Nərimanov rayon İcra Hakimiyyəti və ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanan bu layihənin məqsədi musiqi sahəsində istedadı və qabiliyyəti olan tələbələri üzə çıxarmaq, onların beynəlxalq musiqi yarışmalarında iştirakını təmin etməkdir.
Müsabiqə iki yarımfinal və finaldan ibarət olub. Tədbirin finalı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbirə ev sahibliyi edən ATU THİK-in sədri Qoşqar İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, gənclərə, müsabiqə finalçılarına uğurlar arzulayıb. Daha sonra Nərimanov rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Nəcəf Novruzov və Nəsimi rayon Gİİ-nin rəisi Şahmar Tağıyev yarışmanın əhəmiyyəti və ona göstərilən böyük maraq haqda danışıblar. Rəsmilərin çıxışından sonra tamaşaçılar “Dan Ulduzu” rəqs ansamblının hazırladığı rəqs nömrəsini izləyiblər.
Qeyd edək ki, layihənin rəhbəri İdman Akademiyasının tələbəsi Murad Süleymanlı, ATU üzrə təşkilatçı rəhbəri isə universitetimizin tələbəsi Dilbər Rahim Əliyevadır. Onların təqdimatında tədbir anşlaqla keçib.
D.R.Əliyeva “Studentvision” layihəsinin 3 ilə yaxındır ki, təsis olunduğunu və bir neçə müsabiqə yarışması təşkil etdiklərini bildirib: “2021-ci ildə keçirilən bu layihədə universitetimizin tələbəsi Aliyə Şahbazova finala yüksəlib. Ona görə də ATU bu gün bu layihəyə ev sahibliyi edir. Qeyd edim ki, hazırkı müsabiqədə ölkəmizdə fəaliyyət göstərən 10-a yaxın universitetin tələbələri iştirak edir. Hər birinə uğurlar arzu edirəm”.
Aparıcılar ev sahibliyinə görə ATU-nun rəhbərliyinə, maliyyə dəstəyinə görə Nərimanov rayon Gənclər və İdman İdarəsinə, Odlar Yurdu Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Daha sonra tələbələr musiqi qabiliyyətlərini nümayiş etdiriblər. 7 nəfərlik münsiflər heyəti tərəfindən seçimlərə qatılmış 45 iştirakçıdan yalnız 22-nə müsabiqədə iştirak etmək hüququ verilib. Bu iştirakçılardan 12 nəfər ilk yarımfinalda iştirak edib və 8 nəfər finala keçib. 10 nəfər isə ikinci yarımfinalda səhnəyə çıxıb, onlardan 7 nəfər finala vəsiqə qazanıb. Nəticədə 15 iştirakçı final mərhələsində mübarizə aparıb.
Finalda səsvermə yarımfinal mərhələsindən fərqli olaraq qarışıq formada baş tutub: münsif səsləri, iştirakçıarası səslər və onlayn səslər. İştirakçıarası səslər iştirakçıların bir-birinə verdikləri ballardır. Onlayn səslər isə sosial media hesabında baş tutan səsvermədir.
Yarışda münsif olaraq beynəlxalq müsabiqələr laureatı Rəvanə Vəliyeva, İtaliya və Macarıstanda keçirilən beynəlxalq müsabiqələrin Qran-pri mükafatçısı Nihad Məmmədov, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin solisti, müsabiqələr laureatı Aslan Rüstəmzadə, “Studentvision-2020”nin qalibi Minayə Hüseynova, “Səs Azərbaycan” müsabiqəsinin qalibi, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi Nadir Rüstəmli, “Səs Azərbaycan”ın iştirakçısı Əmrah Musayev və nəhayət, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Elşən Mübariz iştirak ediblər.
Müsabiqənin qalibi Sumqayıt Dövlət Universitetinin tələbəsi Cəfər Əliyev olub. Onun ifa etdiyi “Beggin” mahnısı tamaşaçılar və münsiflər tərəfindən daha çox bəyənilib və ən yüksək balla qiymətləndirilib.