700 bal toplayan İlkin Məmmədzadə: “Yüksək ixtisaslı həkim olmağı arzulayıram”
İlkin Məmmədzadə bu il qəbul imtahanlarında seçilməyi bacaran bir neçə gəncdən biridir. Ağdamlı bu gənc IV qrup üzrə imtahanlarda ən yüksək nəticə - 700 bal toplayıb. İlkin seçimdə üstünlüyü Azərbaycanın ən iri ali təhsil ocağı olan Tibb Universitetinə verib.
İlkin Məmmədzadə 1996-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. İmtahanlara ciddi hazırlaşıb: "Sınaqlarda yaxşı bal toplayırdım. Özümə güvənirdim. Çox çalışırdım. Amma yalnız son illər məşğul olmadım, əvvəlcədən dərslərimə diqqətlə yanaşmışam, həmişə əlaçı olmuşam".
İlkin qazandığı uğuru əsasən valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir: "Onlar mənə hər zaman dəstək olurdular, ən yüksək bal toplaya biləcəyimə inanırdılar. Müəllimlərim mənim üçün çox çalışırdılar ki, yaxşı nəticə əldə edim".
İxtisas seçiminə gəldikdə, İlkinin sözlərinə görə, bu məsələdə valideynləri ilə yekdil qərar veriblər: "Tibb Universitetinin müalicə fakültəsini seçmək qərarına gəldik. Çünki orada həm yüksək səviyyəli, bəyəndiyim müəllimlər çoxdur, həm də tələbə kontingenti mən arzuladığım səviyyədədir".
İlkin Məmmədzadə əziyyətinin hədər getməyəcəyinə, gələcəkdə yüksək ixtisaslı həkim olacağına inanır.