Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində dekan seçkisi keçirilib. Tədbiri Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əlyev açıb.
Professor 2016-cı ildən adıçəkilən fakültənin dekanı olan dosent İsrail Məhərrəmbəylinin fəaliyyətindən söhbət açıb. Onun bu illər ərzində universitet həyatında göstərdiyi fəaliyyəti, tələbələrə olan münasibətini, çalışqanlığını və digər keyfiyyətlərini yüksək qiymətləndirib.
Universitetin elmi katibi, professor Nazim Pənahov İ.Məhərrəmbəylinin tərcümeyi-halı və fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib və onun yenidən dekan seçilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirib.
İ.Məhərrəmbəyli çıxış edərək, yüksək qiymətə görə minnətdarlığını bildirib və seçiləcəyi təqdirdə, görəcəyi işlər barədə danışıb.
Daha sonra professor Elçin Ağayevin sədrliyi ilə Səsvermə Komissiyası formalaşdırılıb. Gizli səsvermə yolu ilə 268 nəfər lehinə, 2 nəfər isə əleyhinə olmaqla İ.Məhərrəmbəyli yenidən II Müalicə-profilaktika fakültəsinin dekanı seçilib.