Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsi üzrə İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, fakültə üzrə akademik məsləhətçi, tibb üzrə fəlsəfə doktoru Sədaqət Rüstəmova Türkiyənin Niğde Ömer Halisdemir Universitetində dərs deyib. Bu dəvət Türk Dövlətləri İnkişaf Birliyinin Azərbaycan və Türkiyə arasında Orhun Mübadilə Proqramı Protokolu və Professor-müəllim heyətinin razılaşdırılmış mobillik proqramı çərçivəsində baş tutub. S.Rüstəmovanın sözlərinə görə, səfər zamanı həmin universitetin tədris prosesi ilə yaxından tanış olmaq imkanı qazanıb:
-İki həftə ərzində Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsində I kurslar üçün mərkəzi və periferik sinir sisteminin anatomiyası, sinir sistemi haqqında ümumi məlumat, sinir sisteminin quruluş elementləri barədə mühazirələr oxumuşam. Bundan əlavə, beyin və onurğa beyninin anatomo-topoqrafik quruluşu, inkişafı, yaş xüsusiyyətləri, kəllə sinirləri, onurğa beyni sinirləri, vegetativ sinir sistemi haqqında tələbələrə praktik dərslər də keçmişəm.
-Səfər zamanı universitetin fəaliyyəti, professor-müəllim heyəti ilə tanışlıq imkanı yarandımı?
-Bu müddət ərzində universitetinin korpuslarında oldum, həm də yaz semestri ərzində tədris prosesi ilə yaxından tanış ola bildim. Nigde ilə yanaşı, Ankara Tibb fakültəsinin Anatomiya kafedrasında da tədris prosesi ilə izləmək, bu kafedranın əməkdaşları ilə tanış olmaq imkanı qazandım.
Bundan əlavə, təkbətək görüşlərimiz də keçirildi. Proqram çərçivəsində Niğde Ömer Halisdemir Universitetinin Rektoru Professor, doktor Hasan Uslu, Tibb fakültəsinin dekanı Professor, doktor Üner Kayabaş, Anatomiya kafedrasının müdiri doktor, öğretim üyesi, dekan yardımçısı Selim Çinaroğlu və kafedranın əməkdaşları, Beynəlxalq Əlaqələr koordinatoru doktor, öğretim üyesi Çiğdem Şahin, Hülya Üründü, Ankara Universitetində professor, doktor İbrahim Təkdəmirlə görüşdüm. Görüşlər zamanı universitet təmsilçiləri ali məktəblərimiz arasında mübadilə proqramının gələcəkdə daha geniş vüsət almasına dair arzularını bildirdilər.