Azərbaycan Tibb Universitetində seçdikləri ixtisasa dərindən yiyələnən bir çox tələbələr həm də fərqli istedad sahibidirlər. Universitetimizdə gözəl səsi, rəssamlıq qabiliyyəti, əl işləri və digər bacarıqlara sahib olan tələbələr oxuyur. Onlardan biri ATU-nun I Müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Aliyə Şahbazovadır. Gözəl musiqi duyumuna malik olan Aliyə ölkəmizdə tələbələr arasında keçirilən yarışmalarda və festivallarda iştirak edib, yüksək nəticələr göstərib. Elə bu günlərdə universitetimizin “Studentvision” layihəsinə ev sahibliyi etməsinə səbəb də onun ötən il bu yarışmada 1-ci yeri qazanması olub.
Musiqiyə həvəsli olmasının səbəbini valideynlərində görür: “Musiqiyə uşaqlıqdan həvəsim var idi. Amma məndə bu sahəyə meyl yaranmasında valideynlərimin də rolu az olmayıb. Onlar royalda gözəl ifa edirdilər. Anam Nailə xanım həkim-ginekoloq olmaqla yanaşı, xoş avazla gözəl mahnılar da oxuyur. Musiqiyə marağım da elə ən çox anamdan gəlir, məni mahnı oxumağa o həvəsləndirib.
Həmişə bayramlar ailəmizdə çox şən keçirib. Royalın sədası altında hamımız deyib-gülüb, mahnı oxuyub, şənlənmişik. Musiqini ruhumun qidası hesab edir, dinləmək və ifa etməkdən zövq alıram. Bəlkə də sizə qəribə gələcək, daha çox retro mahnıları xoşlayıram. Sovet dövründə bəstələnmiş mahnıları, milli musiqilərimizi, muğamlarımızı dinləyir və ifa edirəm”.
SSRİ Xalq artisti Alla Puqaçovanı çox sevdiyini və onun ifa etdiyi mahnıları daha çox dinlədiyini deyən A.Şahbazova orta təhsilini paytaxtın 169 saylı məktəbində alıb. Orta məktəbdə oxuduğu dövrdə də keçirilən tədbirlərdə fəal iştirak edib, mahnılar oxuyub, tamaşalarda rollar ifa edib. Aliyənin bu bacarığı həmişə bəyənilib.
Universitetdə təhsil aldığı dövrdə isə bir çox musiqi yarışmalarında iştirak edib. Onlardan ən çox yaddaqalanı “Tələbə baharı” yaradıcılıq festivalı və “Studentvision” yarışması olub: “Tələbə baharı” yaradıcılıq festivalı keçiriləndə, bu yarışmada iştirak etməyimi məsləhət gördülər. Həmin festivalın formatına uyğun olaraq, hansısa şair və yazıçının yaradıcılığı ilə bağlı film çəkilir. Ötən il dahi şairimiz “Nizami Gəncəvi ili” olduğundan film onun yaradıcılığına həsr olunmuşdu. Nicat Kazımovun rejissorluğu ilə şairin “Xəmsə”sinin əsasında film çəkilmişdi. Mən Şirin rolunu oynadım və Nizami Gəncəvinin ingilis dilinə tərcümə olunmuş bir qəzəlini ifa etdim. Münsiflər heyətində Cavan Zeynallı, Xəyal Rza, Gülyaz və Gülyanaq Məmmədova bacıları təmsil olunmuşdu. Münsiflər ifamı yüksək qiymətləndirdi. Estrada janrı üzrə 3-cü yerə layiq görüldüm”.
Bu uğurdan həvəslənən A.Şahbazova ötən il “Studentvision” yarışmasında da özünü sınamaq qərarına gəlib. Və gözləmədiyi nəticə ilə üzləşib, festivalın qalibi olub: “Heç gözləmirdim, inanmırdım ki, bu yarışmada yer tutam. Yarışmaya bir həvəskar kimi qatılmışdım. Sonda biləndə ki qalib oldum, çox sevindim. Buna görə bu il “Studentvision” yarışmasına universitetimiz ev sahibliyi etdi. Gələn il layihədə münsif kimi iştirak etmək üçün dəvət almışam. Amma dərslərə görə iştirak edib-etməyəcəyim sual altındadır. Aldığım dəvət, göstərilən diqqət məni çox duyğulandırır. Onu da deyim ki, musiqi ilə peşəkarcasına məşğul olmaq niyyətim yoxdur. Əsas arzum həkim olmaq, insanların sağlamlığının keşiyində dayanmaqdır”.