Heydər Əliyevin ölkə səhiyyəsinin inkişafına işıq salan ideyaları daim yaşayacaq

 

 

ATU-nun İctimai fənlər kafedrasında ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans keçirilib

 

Aprelin 26-da ATU-nun İctimai fənlər kafedrasında Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan kafedranın müdiri, professor Qoşqar Əliyev bildirib ki, ümummilli lider öz siyasi dünyagörüşü, zəngin dövlət təcrübəsi ilə dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi olaraq əbədiyaşarlıq qazanıb: “Ölkə tarixində mühüm proseslərin getdiyi zamanda müasir və yeniləşmiş dövlətimizin memarı və qurucusu Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdı. Belə ki, ulu öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Ulu öndər Heydər Əliyevin hələ sovet məkanında və müstəqillik illərindəki xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərdi. Ümummilli liderimizin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Bundan sonra müstəqil Azərbaycanda siyasi-iqtisadi, elmi-mədəni sahələr və eləcə də hərbi quruculuq yüksələn xətt üzrə irəliləməyə başladı”.

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli belə tədbirlərin tələbələrin gələcək həyatında düzgün yol seçməsinə, eləcə də elmi-tədqiqat işlərinə, ictimai fəaliyyətlərinə bir təkan olduğunu vurğulayıb. Dekan tələbələrin TEC-in konfransına qatılmalarını onların ilk uğuru kimi dəyərləndirib.

Sonra söz məruzəçi tələbələrə verilib. Xədicə Quliyeva “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Natəvan İmanzadə “Heydər Əliyev və səhiyyə islahatları”, Toğrul Abdullayev “Ümummilli lider Heydər Əliyevin səhiyyənin inkişafında xidmətləri”, Sina Memarzadeh Moslem “Ümummilli lider Heydər Əliyev və Azərbaycan”, Lalə Məmmədova “Müstəqil Azərbaycan dövləti və müasirlik”, Seymur Kazımov isə “Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də yaşayacaq” mövzusunda məruzələr təqdim ediblər.

Tələbələr çıxışlarında vurğulayıblar ki, dahi şəxsiyyət Heydər Əliyev öz xalqına qüdrətli, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş edib. Bu gün ölkəmiz dünyada dinamik inkişafı ilə seçilir, bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir və səhiyyə sahəsində atılan uğurlu addımlar bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb. Ona görə də Heydər Əliyev ideyalarının nəticələri Azərbaycanda tibb elminin və təhsilinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Tələbələr məruzələrində bir daha qeyd ediblər ki, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ölkə səhiyyəsinin, eləcə də tibb elmi və təhsilinin inkişafına işıq salan ideyaları daim yaşayacaq.

Sonda konfransın işində fəal iştirak edən tələbələrə professor Qoşqar Əliyev tərəfindən kitablar hədiyyə edilib. O da bildirilib ki, nəticələrinə görə fərqlənən tələbələr fakültə TEC-ə vəsiqə qazanmış olacaqlar.

Tədbirdə fakültə TEC-in sədri, dosent Nərgiz Məmmədova, TEC-in kafedra üzrə məsul şəxsi, baş müəllim Aida Təhməzova və eləcə də məruzəçi tələbələrin elmi rəhbərləri iştirak edirdilər.