ATU-nun nəzdinde olan 5 saylı yataqxana təmirə bağlandı
Azərbaycan Tibb Universiteti (ATU) öz tələbələrinin yaşama şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirləri görür. Artıq 3 ildir ki, hər yay ATU-nun nəzdindəki yataqxanalardan biri təmir olunur. Bu il də Tibb Universitetinin 5 saylı yataqxanası təmirə bağlanıb.
ATU-nun həmkarlar ittifaqı komitəsinin sədri Cahangir Qasımov bildirir ki, Tibb Universitetinin ümumi 6 yataqxanası var. Lakin hazırda onlardan 4-ü fəaliyyət göstərir Bunlardan da ikisi qızlar, digər ikisi oğlanlar üçündür: "Ötən illərə nisbətən bu i bizə yerləşdirmə ilə bağlı daha çox ərizə daxil olub. Son günlər ərzində daxil olan 50 ərizədən 10-u əlil, şəhid ailəsi övladlarıdır. İlk olaraq bu cür tələbələrin istəkləri nəzərdə tutulub. Daha sonra ötən il universitetə daxil olan və yataqxanaya yerləşdirilə bilməyənlər nəzərə alınacaq. Ümumilikdə, bu il yeni gələn tələbələrdən 50 nəfəri yataqxanaya yerləşdirə biləcəyik."
Qeyd edək ki, keçən əsrin 60-70-ci illərində tələbə yataqxanası kimi istifadə edilən 5 mərtəbəli bina hazırda tədris binası kimi istifadə edilir və bu bina «Latın dili korpusu» kimi tanınır.
ATU-nun tələbə yataqxanalarının tikintisinin əsası XX əsrin 30-cu illərində qoyulub. 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsi zamanı ATU-nun 1 və 2 saylı tələbə yataqxanalarından təhliyə hospitalı kimi istifadə edilib. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha 4 müasir tipli yataqxana binası tikilərək tələbələrin ixtiyarına verilib. Son 10 ildə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yerli və xarici tələbələrin istifadə etdikləri bütün yataqxana binalarında əsaslı təmir işləri aparılıb, binalar ən yeni avadanlıqlarla təchiz edilib, tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb.
Ötən il ATU-nun 1 saylı yataqxanası yenidən əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib, tələbələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.