Türkiyəli mütəxəssis yeni ixtisasla bağlı fikir mübadiləsi aparıb

 

Türkiyə Cümhuriyyəti Doqquz Eylül Universitetinin Tibb bacılığı fakültəsinin cərrahi xəstəliklər üzrə tibb bacılığı doktoru, dosent Fatma Vural ATU-da yeni ixtisas olan tibb bacısı işi ixtisası üzrə fənləri tədris edən müəllimlərlə diskussiya xarakterli görüş keçirib.

III Cərrahi xəstəliklər kafedrasının əməkdaşları Azər Qasımov və Ziyalı Rzayev tibb bacısı işi ixtisası üzrə bakalavr səviyyəsində tədris aparıldığını və yeni ixtisas üzrə 4 illik təhsildə baza təhsili ilə yanaşı, peşə bacarıqlarının artırılmasına da diqqət yetirildiyini qeyd ediblər. Onlar hər bir sahə - neyrocərrahiyyə, cərrahiyyə, pediatriya və s. üzrə tibb bacısı işi ixtisaslaşmalarının tədris planı əsasında həyata keçiriləcəyini bildiriblər.

Son illər dünyada səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində insanlara peşəkar yardım göstərildiyini qeyd edən dosent Fatma Vural bu baxımdan tibb bacılarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. F.Vural bu ixtisas üzrə təhsil alan gənclərin məsuliyyətli olmalarını, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmələrinin zəruriliyini diqqətə çatdırıb: “Tibb bacıları peşə etikası qaydalarına hər zaman riayət etməli, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlarını daim artırmalıdırlar. Tədris zamanı bu ixtisas üzrə təhsil alan tələbələr daha çox komanda şəklində işləmək bacarığı qazanırlar. Belə ki, diaqnozun qoyulması, müalicənin planlaşdırılması və xəstəliyin gedişi həkimlərin öhdəsinə düşdüyü halda, tələb olunan istiqamətdə müalicənin aparılması tibb bacılarına həvalə olunur”.

Diskussiya şəraitində keçən görüş zamanı bu ixtisasın bakalavr səviyyəsində tədrisinin aktuallığına dair fikir mübadiləsi aparılıb, Fatma Vural iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Görüşdə İctimai səhiyyə fakültəsinin dekanlıq nümayəndələri, kliniki fənlərin tədrisi üzrə mütəxəssislər, o cümlədən Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov iştirak ediblər.