Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) humanizm və həmkarlıq prinsiplərinə əsaslanaraq, Ukraynada müharibənin ilk günlərindən bu ölkədən olan həmkarları ilə əlaqə saxlayıb, onların ehtiyacları haqqında məlumat əldə edib.
AzOMFS-in Birinci və İkinci Qarabağ müharibələrində bu sahədə zəngin təcrübə qazanan fəal üzvlərinin bu təşəbbüsünə cavab olaraq, Ukrayna Kəllə-üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti, akademik Vladislav Malançuk hazırkı mərhələdə üzün odlu silahla yaralanmaların və digər vasitələrlə zədələnmələrin müalicəsində osteosintez əməliyyatlarının aparılması üçün xüsusi alət və materiallara ehtiyac olduğunu qeyd edib.
AzOMFS qabaqcıl şirkətlərin istehsal etdiyi alət, rekonstruktiv və mini titan lövhələr, digər alət və materiallar əldə edərək, ümumilikdə 7 min dəyərində olan yardımı lazımi ünvana çatdırıb.
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri, professor Çingiz Rəhimovun V.Malançuka məktubunda Birinci Qarabağ müharibəsi zamanı ukraynalıların ölkəmizə dəstəyinin önəmi xüsusi vurğulanıb, bu dostluq nümunəsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Məktubda, həmçinin AzOMFS-un ukraynalı həmkarlarına bundan sonra da yardım etmək üçün daim hazır olduğu vurğulanıb.
Ukrayna Kəllə-üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti V.Malançukun professor Ç.Rəhimova cavab məktubunda üz-çənə xəstəlikləri və xəsarətlərinin müalicəsi üçün osteosintez əməliyyatlarının aparılmasına kömək məqsədilə AzOMFS tərəfindən göndərilmiş və dünyanın aparıcı şirkətlərinin istehsalı olan alət və materiallara görə dərin minnətdarlıq ifadə edilib. O, azərbaycanlı həmkarları tərəfindən göndərilmiş bu humanitar yardımın ukraynalı həkimlərin zərərçəkmişlərə ixtisaslaşmış tibbi yardım göstərmək imkanlarını xeyli artırdığını xüsusi vurğulayıb. Məktubda bu yardımın Azərbaycanda və digər ölkələrdə keçirilmiş elmi forumlarda hər iki ölkənin həkimləri arasında qurulmuş uzunmüddətli sıx işgüzar əlaqələrin, habelə üz-çənə cərrahlarının beynəlxalq həmrəyliyinin göstəricisi olduğu qeyd edilib.
V.Malançukun məktubunda Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin göndərdiyi alət və materiallardan istifadə olunmaqla aparılmış cərrahiyyə əməliyyatlarının fotoşəkilləri də yer alıb.