On dövrdə virusdan söz düşən kimi ağlımıza ilk gələn taclı virus – koronovirus olur. Amma dünyada COVİD-dən də beşbetər ölümcül və təhlükəli olan infeksiyalar var. "İnkişafa Doğru İnteqrasiya" ictimai birliyinin icra etdiyi “İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikasına həsr edilmiş təbliğat kampaniyası” adlı layihə də məhz belə xuruşların törətdiyi xəstəliklərlə bağlı maarifləndirməyə həsr olunub.
Layihənin məqsədi əhalinin sağlamlığının qorunması sahəsində təbliğat işini aparmaq, yoluxucu xəstəliklər haqqında maarifləndirmə təşkil etmək, zəruri məlumatları daha geniş auditoriyaya çatdırmaqdan yardımçı olmaq, cəmiyyətdə bilgilərin paylaşılmasına nail olmaqdan ibarətdir.
Üç ay ərzində layihə çərçivəsində koronavirus da daxil olmaqla, digər daha çox yayılan yoluxucu xəstəliklərlə bağlı ən narahat edən məqamlarla beş internet televiziya proqramı və 7 yazı dərc olunub. Televiziya proqramlarında Azərbaycan Tibb Universitetinin, Dövlət Gömrük Hospitalının əməkdaşları, Tədris Cərrahiyyə Klinikası, Tədris Terapevtik Klinikasının tanınmış həkimlər və QHT nümayəndələri çıxış ediblər. Proqramlarda hepatit, QİÇS və koronovirus, cinsi yolla yayılan infeksiyalar, narkomaniyanın gətirdiyi bəlalar və digər aktual mövzulara dair müzakirələr aparılıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.