Astana Tibb Universitetinin İctimai sağlamlıq və epidemiologiya kafedrasının professoru Ayman Ayaşevna Musina və həmin kafedranın baş müəllimi Gülşat Kaparovna Yerdenova Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin Epidemiologiya kafedrasında qısamüddətli akademik mobillik proqramı həyata keçiriblər. Proqram Azərbaycan Tibb Universiteti və Qazaxıstanın Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.
Qonaqlar ATU-nun İctimai səhiyyə fakültəsinin dekanlığının rəhbərliyi ilə görüşüblər. Fakültə dekanı, professor Anar Ağayev İctimai səhiyyə fakültəsində aparılmış islahatlar, o cümlədən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlər barəsində ətraflı məlumat verib. Görüşdə ATU Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, dosent Qalina Qəniyeva, Mübadilə proqramları üzrə koorinator Dr. Dünya Bayramova iştirak ediblər.
Astana Tibb Universitetinin nümayəndələri ATU-nun Epidemiologiya kafedrasında fəaliyyətə başlayıblar. Kafedra müdiri, professor İbadulla Ağayev qonaqları kafedra əməkdaşlarına təqdim edib, kafedranın tarixi, həyata keçirilən elmi-pedaqoji fəaliyyət barəsində geniş məlumat verib. Professor Musina və baş müəllim Yerdenova ilə Epidemiologiya kafedrasının müəllimləri arasında təhsil prosesinin təskilində innovativ texnologiyaların tətbiqi və tədris prosesi zamanı qiymətləndirmənin meyarları haqqında qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Proqramın sonunda qonaq müəllimlərə sertifikatlar təqdim olunub.