ATU tələbələri beynəlxalq konfransda ikinci yer tutublar
Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Səbinə Həsənzadə və Fəridə Ağayarlı Tacikistanın “Avisena” Dövlət Tibb Universitetində keçirilən konfransda uğurla iştirak ediblər. ATU rektoru, professor Gəray Gəraybəyli səfərdən qayıdan tələbələri qəbul edib, onların beynəlxalq tədbirlə bağlı təəssüratlarını dinləyib.
Görüş zamanı məlumat verilib ki, ATU-nun II müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Səbinə Həsənzadə tibbi konfransda “Anatomiya kafedrasının Karpal tunel sindromunun morfoloji əsaslandırılması” mövzusunu təqdim edib. Həmin fakültənin digər tələbəsi Fəridə Ağayarlı isə daxili xəstəliklər kafedrası üzrə “Sinovidlər zamanı oynaqlarda baş verən dəyişikliklər” mövzusu ilə çıxış edib. Onların təqdim etdiyi mövzular 2-ci yerə layiq görülüblər.
ATU rektoru, professor Gəray Gəraybəyli uğurlu nəticə ilə bağlı tələbələri təbrik edib, belə təcrübənin gənclər üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Rektor belə təşəbbüslərin hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini bildirərək, hər kəsi daha aktiv olmağa çağırıb. “Avisena” Dövlət Tibb Universiteti tərəfindən ATU rəhbərliyinə ünvanlanan təşəkkürnaməni rektor, professor Gəray Gəraybəyliyə təqdim ediblər.
Qeyd edək ki, tələbələrinin Düşənbədə keçirilən tədbirdə iştirak xərcləri ATU tərəfindən qarşılanıb.