Əhliman Əmiraslanov Qətər Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşdü
Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir. Onlar Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovun da qonağı olublar.
Görüş zamanı akademik Ə.Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, klinikaları, təhsil pillələri və s. haqqında geniş məlumat verdi. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırdı. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi var və onlardan təxminən 1100 nəfəri əcnəbilərdir. Ümumilikdə ATU-da 18 ölkənin vətəndaşları təhsil alır.
Millət vəkili, akademik Əhliman Əmiraslanov həmçinin ATU-nun müasir tibb avadanlıqları ilə təchiz olunmuş 4 klinikasının fəaliyyət göstərdiyini, burada həm tədris prosesinin həyata keçirildiyini, həm də əhaliyə keyfiyyətli tibb xidməti göstərildiyini bildirdi. Qeyd olundu ki, Universitetdə 1000 nəfərlik professor-müəllim heyəti çalışır.
Öz növbəsində, Qətər dövlətinin Səhiyyə Nazirliyinin təmsilçiləri də ölkələrində tibb təhsilinin səviyyəsi haqqında məlumat verdilər. Nazir mavini Dr. Faleh Mohamed Hussain Ali bildirdi ki, Qətərdə ali tibb təhsili verən müəssisə yoxdur: "Qətərdə yalnız tibb kolleci var. Biz bu sahədə ayrıca universitet yaratmaq istəyirik və bu məsələdə sizin məsləhətinizə ehtiyacımız var".
ATU rektoru bu məsələdə Qətər tərəfinə yardımçı olacaqlarını bildirdi. Daha sonra qonaqların ATU-da təhsilin strukturu barədə sualları cavablandırıldı. Gələcəkdə ATU və Qətərin Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanacağına dair ilkin razılıq da əldə olundu.
Qeyd edək ki, görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru İbrahim İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova, Tədris hissə müdiri Nəsimi Qasımov iştirak edirdi.
Qətərdən olan nümayəndə heyətinin tərkibinə Kliniki işlər üzrə korporasiyanın (PHCC) icraçı direktoru Dr. Juliet A. Ibrahim, "Hamad Medical" şirkətinin sədr müavini Dr. Nabila Al Meer qatılmışdılar. Səfər çərçivəsində onlar Azərbaycan Tibb Universitetinin klinikalarında da olaraq, bu müəssisələrin fəaliyyəti ilə yaxından tanış oldular.