ATU-da ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Mayın 6-da Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, o bütün həyatını dövlətçiliyimizin inkişafına, xalqımızın xoşbəxt və qayğısız həyatına, gələcəyinə həsr edib. Rektorun sözlərinə görə, Heydər Əliyev dedikdə, ilk olaraq göz önünə Azərbaycanın müasir tarixi gəlir: “Bu tariximizdə ulu öndər Heydər Əliyevin danılmaz, dərin izi var. Onun qoyduğu izlər bu gün də aktualdır. Azərbaycan tarixinə ulu öndərin ilk gəlişi 1969-cu ildə baş verib. Heydər Əliyev, demək olar ki, bütün sahələr üzrə geridəqalmış bir aqrar ölkəni sənayesi, sosial həyatı, elm-təhsili və mədəniyyəti inkişaf etmiş respublika səviyyəsinə qaldırdı”.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə ikinci dəfə gəlişi 1993-cü ilə təsadüf edir. Həmin dövrdə ölkədə daha ağır şərait hökm sürürdü: “Ölkə müharibə şəraitində idi. İnsanlar dərin sosial-iqtisadi böhran içində yaşayırdı. Böyük bir xaosla üzləşən ölkəmizdə bu kimi problemlər dövlətimiz üçün böyük bir təhlükə mənbəyinə çevrilmişdi. Və indi həmin illərə nəzər salanda, birmənalı şəkildə bu fikrə gəlirik ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının ən parlaq qələbəsi olub. Çünki yaşadığımız hazırkı dövrə diqqət edəndə görürük ki, yaxın-uzaq ölkələrdə baş verən müharibələrdə insanlar məhv olur, şəhərlər dağılır, terror aktları törədilir. Lakin bizim ölkəmizdə insanlar dinc, əmin-amanlıq şəraitində yaşayırlar. Bu gün Azərbaycanı dünyanın ən gözəl sabitlik adasına bənzətmək olar”.
Ulu öndərin şərəfli ömür yolundan bəhs edən professor G.Gəraybəyli bildirdi ki, Heydər Əliyev Azərbaycan tarixinə əvəzi olmayan görkəmli dövlət xadimi və dövlətçiliyimizi qoruyub saxlayan dahi rəhbər kimi daxil olub: “Bu gün ətrafımızda baş verən hadisələri və geosiyasi durumu müşahidə edərkən bir daha əmin oluruq ki, məhz Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində müasir Azərbaycan dünyanın bu çətin zamanında öz müstəqilliyini, mədəniyyətini, iqtisadiyyatını qoruyub saxlaya bilib. Ulu öndərin ən böyük arzusu işğal altında qalan torpaqlarımızın azad olunmasını görmək idi. Onun bu arzusunu Azərbaycanın müzəffər Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyev 44 günlük II Qarabağ müharibəsi ilə reallaşdırdı. İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, ancaq ümummilli lilder Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”.
Sonra ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.
Anım tədbirində çıxış edən Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanova ulu öndərin Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi fəaliyyətdən söhbət açıb. Qeyd edib ki, Heydər Əliyev daim xarici mütəxəssislərin diqqətini Azərbaycana çəkməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla da səhiyyə sahəsində mövcud olan durğunluğun aradan götürülməsinə nail olunub.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev ulu öndər Heydər Əliyev şəxsiyyətindən və onun dünya liderləri arasındakı nüfuzundan söhbət açıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb: “Ümummili liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir. Ulu öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdir”.
ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov çıxışında Heydər Əliyevin bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da böyük önəm verdiyini bildirib. Ulu öndərin gənclərlə keçirdiyi müxtəlif görüşləri və tədbirləri daim xatırladığını deyən M.Məmmədov ümummilli liderin respublikamızda gənclərin əsl vətəndaş kimi yetişməsi üçün həmişə lazımi şərait yaratdığını vurğulayıb.