Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası və Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikası arasında Alman Akademik Mübadilə Xidməti tərəfindən dəstəklənən əməkdaşlıq çərçivəsində „Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycanda tətbiqi imkanları“ mövzusunda konfrans keçirilib.
ERAS protokollarının cərrahi praktikada tətbiq edilməsi əməliyyatdan sonra ağırlaşmaları əhəmiyyətli dərəcədə azaldır, xəstələrin tez bərpa olunmasına və normal həyata qayıtmasına töhfə verir, eləcə də xəstəxana xərclərini ciddi şəkildə aşağı salır. Hazırda hər iki klinika tərəfindən Azərbaycan üçün uyğunlaşdırılmış protokollar üzərində işlənilir.
ATU-nun Birinci cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov və Mannheim klinikasının əməkdaşı dr. Vüqar Yaqublunun moderatorluğu altında baş tutan konfransda AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Mannheim klinikasının direktoru professor C.Reissfelder, ATU TCK-nın direktoru, professor Surxay Hadıyev ERAS proqramının xüsusiyyətləri və prinsipləri haqda ətraflı məlumat veriblər. Maraqlı sual-cavab şəklində davam edən konfrans işçi qrupun yaradılması ilə başa çatıb.