ATU tələbələri Almaniyada yay praktikasından qayıdıb
Azərbaycan Tibb Universitetinin tələbələri universitetini maliyyə dəstəyi ilə xarici ölkələrdə müxtəlif proqramlarda iştirak edirlər. Bu cür təlimlər tələbələrə öz bilik və bacarıqlarını daha da artırmağa, praktika qazanmağa yardımçı olur.
Pediatriya fakültəsinin 5-ci kurs tələbəsi Fidan Əsədzadə bu il yay praktikasını Almaniyada keçib. Fidan Əsədzadə Norolhorn şəhərinin EUREGİO klinikasında təcrübə keçib. Kardiologiya şöbəsində praktikada ikən müxtəlif prosedurlarda iştirak edib, exokardioqramma, anqioqrafiya çıxarıb: "Çox sevindirici haldır ki, bizim texnoloji avadanlıqlarımız baxımdan Almaniyadan geri qalmadığımızı deyə bilərəm. Əsas fərq yalnız təhsil sisteminin və işin qurulmasındadır".
Fidan deyir ki, Almaniyada praktika keçməyi həmişə arzulayıb: "Mən öz xəyalımı məhz ATU rəhbərliyinin dəstəyi sayəsində gerçəkləşdirə bildim. Bu işdə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulovadan böyük yardım gördüm. Göstərilən qayğıya görə həmçinin ATU rektoru Əhliman Əmiraslanova Almaniyadakı klinikanın rəhbərliyinə təşəkkür edirəm".
Yay praktikasını Almaniyada keçən digər tələbə - Müalicə işi fakültəsinin 4-cü kursundan Samirə Səlimovadır. O, iyulun 2-dən avqustun 1-nə kimi EUREGİO klinikasının ümumi cərrahiyyə şöbəsində praktika keçib. Dediyinə görə, alman dilini yaxşı bilməsi ona seçimində yardımçı olub: "Orada əməliyyatlarda assistent kimi iştirak etdim. Bir çox əməliyyatların sonunda mənə tikiş qoymağa, digər bu kimi müdaxilələr etməyimə icazə verdilər. Xəstələrlə təmas qurmaq çox işimə yaradı, daha çox şey öyrəndim. Düzdür, klinikaların təchizatında, həkimlərin bilik səviyyəsində bizim onlardan elə də çox fərqimiz yoxdur, sadəcə yanaşma tərzi fərqlidir. Məncə, insan hər yerdə nəyisə öyrənə bilər".
Samirə və Fidan Tibb Universitetinin köməyilə Almaniyada praktika keçdiklərinə görə ATU rəhbərliyinə, xüsusilə rektor Əhliman Əmiraslanova bir daha təşəkkür edir, Almaniyada yaradılan imkanlara görə EUREGİO klinikasının təmsilçilərinə, o cümlədən ümumi cərrahiyyə şöbəsinin baş həkimi Nevzat Doğana, həmyerlimiz Rüfət Məhərrəmova təşəkkür edirlər.