(+99412) 597-38-98
ATU-da “Empro” sisteminin təqdimatı keçirilib

Azərbaycan Tibb Universitetində SİNAM şirkətinin təqdimatında “Empro” Tədrisin İntellektual İdarəetmə sisteminin nümayişi olunub. Təqdimatda Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbər şəxsləri, pedaqoji kollektivin üzvləri, 1 və 2 saylı Tibb Kolleclərinin rəhbərləri və nümayəndələri iştirak edib.

Təqdimatdan öncə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbin də artıq elektron universitetlər sırasında olduğunu vurğulayıb: “Son illər bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində, o cümlədən tibb təhsili sistemində rəqəmsallaşma prosesi sürətlənir. Artıq ATU da daxil olmaqla, bu görüşdə təmsil olunan müəssisələrin hər birində elektron proqramlar müxtəlif modul şəklində istifadə olunur”. Rektor G.Gəraybəyli təqdim olunan yeni sistemin də ali məktəblər üçün yararlı olacağından əminliyini bildirib.

Təqdimatda qeyd olunub ki, Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, müəllimlərin tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili  kimi modullar daxildir. Həmçinin müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Səhiyyə nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva çıxışlarında sistemin tətbiqi ilə bağlı fikirlərini bildiriblər. Sonda təqdimatı reallaşdıran şirkət nümayəndələri “Empro” ilə bağlı sualları cavablandırıblar.