17 may 2022-ci il tarixindən etibarən Azərbaycan Tibb Universitetində (ATU) imtahan sessiyasına start verilir. Bu prosesə hazırlıq səviyyəsinin qiymətləndirilməsi ilə əlaqədar olaraq bu gün universitet rəhbərliyi ilə imtahan nəzarətçiləri arasında görüş keçirilib.
Görüşdə ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək son 2 ildə pandemiya səbəbindən imtahanların da fərqli üsulla - həm distant, həm də canlı olmaqla qarışıq formada keçirildiyini xatırladıb. Bu ildən etibarən artıq imtahanlar ənənəvi formada keçirildiyindən, ATU rəhbərliyinin, təşkilat komitəsinin və nəzarətçilərin üzərinə ağır yük düşür. İmtahanların bütün tədris ilinin yekunu olduğunu xatırladan prorektor S.Əliyev bu prosesə hazırlıqların yüksək səviyyədə olması üçün hər kəsin işə diqqətli yanaşmasının önəmli olduğunu bildirib.
Daha sonra ATU-nun İmtahan mərkəzinin müdiri Ülkər Cəfərova, İmtahana nəzarət komitəsinin sədri Pəri İsaqova çıxış edərək, qarşıdakı imtahan prosesinə hazırlığın gedişi ilə bağlı məlumat veriblər. Sonda ATU rəhbərliyi tərəfindən işində fəallıq nümayiş etdirən bir sıra imtahan nəzarətçilərinə sertifikatlar təqdim olunub.