Tibb Universitetində “Bilik Günü” münasibətilə toplantı keçirildi
Mərasimdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bu əlamətdar günün yaranma tarixindən danışdı, tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Universitetin fəaliyyəti haqqında məlumat verən rektor ATU nəzdində onkoloji, tədris-terapevtik və stomatoloji klinikalarının olduğunu, bir il əvvəl isə tədris-cərrahiyyə klinikasının istifadəyə verildiyini xatırlatdı: "Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Hazırda təmirdə olan Onkoloji klinika üçün də yeni avadanlıqlar alınır. 400 çarpayılıq Tədris Terapevtik Klinikada universitetin 16 kafedrası yerləşir. Nisbətən yeni olan Tədris Cərrahiyyə Klinikamız 500 çarpayılıqdır və burada 20-dən artıq kafedra yerləşir".
ATU nəzdində yeni klinikaların açılmasını cənab prezident İlham Əliyevin səhiyyə, tibb təhsili sahəsinə xüsusi qayğısı ilə əlaqələndirən Ə.Əmiraslanov bu addımların elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında böyük köməyi olacağından əminliyini vurğuladı.
Tədbirdə qeyd olundu ki, 2014/2015-ci tədris ilində ATU-ya 1022 nəfər qəbul olunub. Onlardan 957 nəfər həkim və hərbi həkim, 50 nəfər hərbi feldşer, 15 nəfər isə magistr ixtisasını seçib. Eyni zamanda, müqavilə əsasında 145 xarici tələbə hazırlıq şöbəsindən universitetin birinci kursuna qəbul olunub. Bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplamış 366 nəfər, 700 bal toplamış 2 nəfər ATU-da təhsil alacaqdır. Prezident təqaüdçülərinin sayı isə 25 nəfərdir.
Yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edən səhiyyə nazirinin müavini Elsevər Ağayev biliyin keyfiyyətli təhsildən keçdiyini vurğuladı, bu sahədə dövlətin gördüyü işlərdən danışdı. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində əsaslı təmir olunmuş və yenidən tikilmiş tibb ocaqlarının sayının artıq 600-ə yaxınlaşdığını bildirən nazir müavini dedi ki, ən müasir avadanlıqlarla təchiz edilmiş bu müəssisələr tələbələrin yolunu gözləyir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova Azərbaycan təhsilinin və səhiyyəsinin infrastrukturunda əsaslı islahatlar aparıldığını qeyd etdi. Bildirdi ki, bütün bu irəliləyişlərin kökündə Azərbaycanın daim artan iqtisadi gücü dayanır.
ATU-nun müalicə-profilaktika fakültəsinə 700 balla qəbul olmuş İlkin Məmmədzadə çıxış edərək daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz verdi. Akademik Ə.Əmiraslanovun müəllifi olduğu "Onkologiya" dərsliyi Prezident təqaüdçülərinə hədiyyə edilidi.
Sonda AMEA-nın müxbir və həqiqi üzvü adını qazanmış ATU əməkdaşları - Biofiziki və bioüzvi kimya kafedrasının müdiri Dilqəm Tağıyev, Mikrobiologiya kafedrasının müdiri Zakir Qarayev, I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov, tibbi biologiya və genetika kafedrasının professoru İlham Şahmuradov - hədiyyələrlə təltif olundu.