Yastıpəncəlilik müalicə olunan patologiyadır

 

 

Dosent Paşa Mehdiyev deyir ki, dar və hündürdaban ayaqqabılar da yastıpəncəliliyə səbəb ola bilər

 

Elə patologiyalar var ki, ilk baxışdan diqqət çəkmir və ciddi problem hesab olunmur. Əslində isə bu cür hallar insanlarda ciddi narahatlıq yaradır, bəzən fiziki aktivliyi məhdudlaşdırır. Belə patologiyalardan biri olan yastıpəncəlilik haqda danışacağıq. Yastıpəncəlilik nədir, hansı əlamətlərlə özünü büruzə verir və yaratdığı diskomfortu aradan qaldırmaq üçün məsləhət görülən profilaktik tədbirlər varmı?

Bu suallara aydınlıq gətirmək məqsədilə ATU-nun Fizioterapiya və reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyevə üz tutduq. Paşa müəllim bildirdi ki, yastıpəncəlilik pəncənin eninə və boylama  tağının zəifləyib sallanması ilə xarakterizə olunan forma dəyişikliyidir: “Ayaq qövsü (tağ) insanın yeriməsində və addım atmasında birbaşa rol oynayır. Pəncə tağının mövcudluğu bədən ağırlığının ayaqda bərabər paylanmasına kömək edir. Yeriş zamanı pəncənin müxtəlif səthlərə uyğunlaşması üçün tağlar elastik və güclü olmalıdır. Ayaq vətərləri gərgin lent şəklində pəncə və daban sümüklərinə yapışaraq pəncə tağı deyilən hündürlüyü əmələ gətirir. Vətərlər kifayət qədər güclü olmadıqda, ayaq altındakı qövs azalır və yastıpəncəlilik yaranır. Belə vəziyyət həm böyüklərdə, həm də uşaqlarda müşahidə oluna bilər. Bütün uşaqlar yastıpəncəliliklə doğulurlar. Pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır. Vətərlərin möhkəmlənməsi və qövsün meydana gəlməsi üçün vaxt lazımdır. Bəzən körpələrin ayağında olan əlavə piy toxuması tağı gizlədə bilər”.

P.Mehdiyev yastıpəncəliliyin bədən çəkisi ilə birbaşa əlaqəsi olduğunu da dedi. Qeyd etdi ki, bədən çəkisi artdıqca, pəncəyə düşən ağırlıq hesabına boylama yastıpəncəlilik özünü daha kəskin büruzə verir. Bu patologiyaya əsasən qadınlarda rast gəlinir. Boylama yastıpəncəlilik 16-25, eninə yastıpəncəlilik isə 35-50 yaşlarda daha çox müşahidə edilir.

Onun sözlərinə görə, anadangəlmə, travmatik, paralitik, raxitik və statik formaları olan yastıpəncəliliyin yaranma səbəbləri içərisində dar və narahat ayaqqabılar geyinmək, uzun müddət hündürdaban ayaqqabıda hərəkət etmək də var. Yastıpəncəliliyin diaqnozu ortoped həkim tərəfindən vizual və podoskopik, həmçinin 2 proyeksiyada rentgenoqrafiya ilə qoyula bilər.

Pəncə üzərində oturan zaman müvazinətin itirilməsi, baş barmaqda sümük çıxıntısı (hallux valqus), onurğa əyriliklərinə və diz oynaqlarında artrozun inkişafına səbəb olma, estetik görünüşün və qamətin pozulması, dırnağın ətə batması və uzun müddət piyada gəzərkən baldır əzələlərində ağrıların olmasını yastıpəncəliliyin əsas əlamətləri kimi xarakterizə edən həkim onu da bildirdi ki, bu patologiyanın dərman müalicəsi yoxdur, müəyyən profilaktik tədbirlər görməklə qarşısını almaq olar: “Bunun üçün düzgün yerişin formalaşdırılması, yeriyərkən pəncələri aralı qoymamaq lazımdır ki, pəncənin iç əzələlərinə həddən artıq yük düşməsin, əks halda pəncənin bağ sistemi zəifləyir. Uzun müddət ayaqüstə durub işləyərkən ayaqlara düşən ağırlığı düzgün bölüşdürmək, hündürlüyü 4 sm-dən çox olmayan ayaqqabı geyinmək və ayaqqabı içliyini düzgün seçmək də vacibdir”.

Həkimin sözlərinə görə, uzun müddətli ayaqüstü işlər zamanı ayaqqabıda supinator içliklərin istifadəsi, günün sonunda ayaq vannaları və pəncənin masajı, nahamar döşəmədə (daşlı, çınqıllı, qumlu sahələr) pəncə-daban üzərində növbəli yeriş də profilaktik cəhətdən faydalıdır. Konservativ müalicə nəticəsiz olan zaman isə cərrahi müalicə məsləhətdir: “İkinci və daha artıq dərəcəli yastıpəncəlilikdə cərrahi müalicə aparılır və bu əməliyyatın effektivliyi 99 faizdir. Əməliyyatdan sonra isə ortopedik ayaqqabıların istifadəsi tövsiyə olunur”.