Atatürk Universitetinin nümayəndə heyət ATU-nun qonağı olub

Görüşlərdə qarşılıqlı əməkdaşlıq üçün böyük potensial olduğu vurğulanıb 

Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyənin Ərzurum Atatürk Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib. Qeyd edək ki, bu ilin yanvar ayında iki universitet arasında 5 illik əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən mayın 17-də ilk görüş keçirilib.

 

Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki universitet arasında əməkdaşlıq üçün böyük potensial olduğunu bildirib: “Bir çox istiqamətlərdə uğur əldə edə biləcəyimizə inanıram. Məsələn, elmi fəaliyyət sahəsində ciddi işlər aparıla bilər. O cümlədən də qarşılıqlı mübadilə istiqamətində. Xatırladım ki, universitetimizin 3 tədris proqramı - Müalicə işi, Əczaçılıq və Stomatologiya beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb”. 

Ərzurum Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdir müavini, professor Abdülmecit Albayraktar iki qardaş ölkə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qurulduğunu, tibb sahəsində əməkdaşlığı daha da genişləndirmək imkanlarının mövcud olduğunu bildirib: “Bizim müasir, geniş laboratoriyalarımız var. İstərdik ki, imzaladığımız memorandum çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsini həyata keçirək. Çox sevindirici haldır ki, bizim institutun da 2 tədris proqramı beynəlxalq akkreditasiyadan keçib”.

Müzakirələrin sonunda təmasların davam etdirilməsi və konkret fəaliyyətə start verilməsi qərara alınıb.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsini müdiri, dosent Müşfiq Orucov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli və mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Ərzurum Atatürk Universitetinin Səhiyyə Elmləri İnstitutunun müdiri, professor Elif Çadırcı, Klinik tədqiqat, inkişaf, dizayn tətbiqi mərkəzinin direktoru, professor Zekai Halıcı, Əczaçılıq fakültəsindən professor Yasin Bayır iştirak edirdilər. 

Türkiyəli qonaqlar mayın 18-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər, magistr və doktorantlarla görüşüblər. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Muşfiq Orucov hər iki universitet arasında elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb və gələcəkdə tibbin bütün sahələri üzrə qurulacaq birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Səhiyyə Elmləri İnstitutunun müdiri, professor Elif Çadırcı təmsil etdiyi universitetin tarixindən danışıb, eləcə də maddi-texniki bazası, təhsil imkanları və hazırkı fəaliyyəti barədə ətraflı məlumat verib. Professor daha sonra rəhbərlik etdiyi təhsil müəssisəsində həyata keçirilən tədqiqat işləri, aparılan elmi araşdırmalar barədə görüş iştirakçıları üçün geniş təqdimat edib.
Sonra Ərzurum Atatürk Universitetinin fəaliyyətindən bəhs edən  tanıtım videoçarxı nümayiş olunub. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar türkiyəli qonaqlar tərəfindən cavablandırılıb.
Görüşdə ATU-nun fakültə dekanları da iştirak edirdilər.