Mayın 19-da “Ağciyərlərin xronik obstruktiv xəstəliyinə (AXOX) müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib. Konfransa sədrlik edən ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova pandemiyadan sonra düzənlədikləri ilk canlı beynəlxalq toplantının həm də özəl bir günə təsadüf etdiyini vurğulayıb.
Bildirib ki, mayın 19-u qardaş Türkiyədə Gənclik və İdman bayramıdır. Eyni zamanda türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün anım günüdür. O, qardaş Türkiyədə də, ölkəmizdə də gənclərin həmişə aparıcı qüvvə olduğunu söyləyərək, II Qarabağ savaşında qazanılan zəfərdə də gənclərin rolunu yüksək qiymətləndirib.
Bundan sonra türk dünyasının bütün şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və konfrans öz işini davam etdirib.
Pandemiya dövründə də boş qalmadıqlarını, müxtəlif mövzularda 40-a yaxın onlayn toplantı keçirdiklərini deyən M.Kərimova, türkiyəli alimlərin hər zaman onlara dəstək olduğunu məmnunluqla qeyd edib. Bu müddətdə mərkəzi ofisi Macarıstanda yerləşən Avropa İmmun Çatışmazlığı Cəmiyyəti ilə birlikdə Bakı toplantısının da onlayn keçirildiyini xatırladıb. O nə qədər yüksək səviyyədə keçirilsə də, onlayn toplantının heç vaxt canlı ünsiyyətin yerini vermədiyini, ona görə də həkimlərimizlə canlı görüşlərin çox xoş olduğunu diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Bundan sonra konfransın gündəliyində duran məruzələrin təqdimatı olub. Türkiyənin Ege Universitetinin professoru Abdullah Sayiner “AXOX-un müasir müalicəsi”, ATU-nun Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin elmi rəhbəri, tibb elmləri doktoru Əlizamin Sadıqov “AXOX-un ağır kəskinləşmələri, onların qarşısının alınması yolunda əldə edilən uğurlar” və Esam LTD şirkətinin marketinq direktoru dr. Mehriban Yusubova “Esam LTD şirkətinin dərmanlarının AXOX-un müalicəsində rolu” mövzularında məruzələrlə çıxış ediblər.