İctimai səhiyyə fakültəsində dekan seçkisi keçirilib
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsində dekan seçkisi keçirilib. Tədbiri giriş sözü ilə Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev açıb.
O, 2017-ci ildən İctimai səhiyyə fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərən professor Anar Ağayevin peşəkar fəaliyyətindən bəhs edərək, onun dekan vəzifəsinə təyin olunmazdan öncə uzun illər dekan müavini, kafedranın tədris işləri üzrə müdir müavini kimi məsuliyyətli vəzifələrin öhdəsindən də uğurla gəldiyini açıqlayıb. Son 5 il ərzində A.Ağayevin dekan kimi göstərilən etimadı layiqincə doğrultduğunu qeyd edən prorektor, onun universitetin ictimai həyatındakı rolunu, tələbələrə olan xoşməramlı münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirib.
Professor Anar Ağayevin tərcümeyi-halı və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun elmi katibi, professor Nazim Pənahov onun yenidən dekan seçilməsi üçün namizədliyinin irəli sürüldüyünü bildirib.
Daha sonra professor İbadulla Ağayevin sədrliyi ilə formalaşdırılan Səsvermə Komissiyası gizli səsvermə keçirib. Bütün iştirakçıların lehinə səsverməsi ilə professor A.Ağayev yenidən İctimai səhiyyə fakültəsinin dekanı seçilib.