Dünya şöhrətli alim Tədris Terapevtik Klinikada mühazirə oxuyub

 

Professor Elxan Rəsulov: Qohum nikahları irsi xəstəliklərin yaranması ehtimalını xeyli artırır

 

Genetika sahəsində tanınmış azərbaycanlı alim, hazırda ABŞ-da yaşayan professor Elxan Rəsulov ATU-nun Tədris Terapevtik Klinikasında bir qrup əməkdaşımıza “Yenidoğulmuşların genetik skrininqi” mövzusunda mühazirə oxuyub.

Bu mövzuda təqdimatla çıxış edən alim dünyada və eləcə də ölkəmizdə geniş yayılmış genetik xəstəliklərdən olan talassemiya və hemofiliyanın gələcək nəslin sağlamlığı üçün yaratdığı fəsadlardan  danışıb. Qeyd edib ki, vaxtında aparılan diaqnostika və müalicə gələcəkdə genetik xəstəliklərin qarşısını almağa imkan yaradır. O, neonatal skrininqin körpənin gələcəyi üçün əhəmiyyəti və bu müayinənin aparılması barədə məlumat verib: “Analizin aparılması prosesi çox sadədir: uşaq doğulduqdan 3 gün sonra (10 gündən gec olmayaraq) körpənin dabanından filtrli kağıza qan nümunələri götürülür. Qan ləkəsi 10-15 dəqiqə ərzində otaq temperaturunda qurudulur, sonra qurudulan qan ləkəsi zərfin içərisində laboratoriyaya göndərilir”.

Tibbin bu sahəsi üzrə apardığı tədqiqatlar barədə məlumat verən professor bildirib ki, müasir tibbi texnologiyaların inkişafı nəticəsində döl ana bətnində olarkən onun hansısa irsi xəstəliklərin daşıyıcısı olub-olmadığını müəyyən etmək mümkün olur. Mütəxəssis vurğulayıb ki, elmin son nailiyyətlərinə görə, nəsil və şəcərə ağacına istinadən istənilən irsi xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsi mümkündür.

Bir sıra ölkələrin  genetik skrininqi haqqında məlumat verən  məruzəçi qohum nikahları nəticəsində körpələrdə yaranan genetik xəstəliklərə də diqqəti çəkib: “Gələcəkdə qohum nikahlardan yarana biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün müayinələrin aparılması böyük əhəmiyyət daşıyır. Azərbaycanın bir sıra regionlarında ümumi nikahlar içərisində qohum nikahları 60-80 faizi keçir. Bu isə irsi xəstəliklərin yaranması ehtimalını bir qədər də  artırır. Bütün bunlar hələ də əhalinin maarifləndirilməsi sahəsində görüləsi çox işlərin olmasından xəbər verir”.

 Onun sözlərinə görə, qohum nikahlar zamanı genetik xəstəliklərə növbəti nəsildə təsadüf olunması riski qeyri-qohum nikahlarla müqayisədə 25-30 dəfə çoxdur: “Bu baxımdan genetik müayinələr xüsusilə vacibdir. Əgər ölkə əhalisinin kifayət qədər maarifləndirilməsinə nail olunsa, müəyyən irəliləyişlər əldə etmək olar. Biz bilməliyik ki, hər bir insan ən azı 5-7 xromosom irsi xəstəliyin daşıyıcısıdır. Əgər ailə qurmaq istəyən gənclərin hər ikisində eyni xəstəliyin daşıyıcılığı müəyyən olunarsa, bu zaman xəstə uşaq doğulması ehtimalı 25 faizdir. Yəni 4 uşaqdan biri xəstə doğula bilər”.