Şuşanın 270 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” elmi-praktik konfrans keçirilib

Şuşanın 270 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Professor Gəray Gəraybəyli: Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi

 

Mayın 24-də Azərbaycan Tibb Universitetində Şuşanın 270 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra konfrans işinə başlayıb.

Açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, xalqımız otuz ilə yaxın müddətdə işğal altında olan Şuşanın həsrəti ilə yaşasa da, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi və tarixi ədalət bərpa olundu: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Heç bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi hadisəni yaşadıq. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi idi. Bu gün dövlət başçımız cənab İlham Əliyev ölkəmizin həyatı ilə bağlı ən vacib, əlamətdar günləri,  önəmli tarixləri məhz Şuşada qeyd edir. Artıq Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib”.

Sözünə davam edən rektor bildirib ki, Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb: “Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Şuşa şəhərinin bir sıra tarixi binaları, yaşayış məhəllələri, abidələri restavrasiya olunub. 2022-ci ildə həm də Şuşanın 270 illiyi qeyd olunacaq. İnanırıq ki, “Şuşa İli” elan edilməsi bu doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyinin, öz qədim möhtəşəmliyinin geri qaytarılmasına və yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək”.

Bundan sonra Şuşanın tarixindən bəhs edən sənədli videoçarx nümayiş olunub. Burada Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkan kimi təqdim edilir, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğu vurğulanır. Bildirilir ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Videoçarxda bənzərsiz tarixi görkəmi və özünəməxsus mühitini daim qoruyub saxlayan Şuşanın yetişdirdiyi böyük şəxsiyyətlərdən də söhbət açılır, onların ədəbi, mədəni, elmi, ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazdığı qeyd olunur.

Konfransda iştirak edən Türkiyə Cümhuriyyəti Səhiyyə Elmləri Universitetinin rektoru, professor Cevdet Erdöl Şuşaya həsr olunmuş bu tədbirə qatılmaqdan məmnunluğunu dilə gətirib. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini yada salıb. Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsində mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən söhbət açan professor C.Erdöl rəhbərlik etdiyi təhsil müəssisəsinin təkcə Türkiyədə deyil, bütün dünyada tanındığını bildirib. O, universitetin inkişaf tarixindən bəhs edərək söyləyib ki, onların verdiyi diplomlar bir çox ölkələrdə tanınır, məzunları isə  dünyanın əksər yerlərində fəaliyyət göstərir.

Sonra Türkiyə Bezmialem Vəqf Universitetinin prorektoru, professor İbrahim Tuncay “Ortopediyada və Travmatologiyada robot cərrahiyyəsi”, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev isə “Azərbaycan florasında yayılan dəlibəng-datura növlərinin kimyəvi tərkibinin tədqiqi” mövzusunda məruzələr ediblər. Bundan başqa, Birinci Moskva Dövlət Tibb Universitetinin Molekulyar Təbabət İnstitutunun İmmunologiya Laboratoriyasının müdiri, akademik Aleksandr Karaulovun videoformatda “Ağır COVID-19-un immunopatogenezinin və immunoprofilaktikasının açılmış sirləri” mövzusunda çıxışı dinlənilib.

Fasilədən sonra konfrans işini cərrahiyyə, terapiya və nəzəri bölümlər üzrə 3 paralel sessiyada davam etdirib. İki gün davam edən konfransda ölkəmizin tanınmış mütəxəssisləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Tədbirdə tibb elminin müxtəlif sahələri üzrə məruzələr oxunub və hər mövzu ətrafında geniş diskussiya xarakterli müzakirələr aparılıb.