“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Mayın 21-də baş tutan müayinələrə Göyçayla yanaşı, Ağdaş, Ucar və Zərdab rayonlarından həssas kateqoriyaya aid vətəndaşlar cəlb olunub. Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılan müayinələr 300-ə yaxın şəxsi əhatə edib. Müayinələrin nəticələrinə əsasən, xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub və zəruri dərman vasitələri ilə təmin ediliblər.
Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçməsi təmin olunacaq, müalicəyə və cərrahi əməliyyatlara ehtiyacı olanlara dəstək veriləcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakıya gətirilməsinə şərait yaradılacaq.
Qeyd edək ki, könüllülər arasında ATU-nun müəllim və tələbələri də fəallıq göstəriblər. Onlardan Arzu Bəydəmirova, Oktay Mehtiyev, Samirə Əliyeva, Elman Tağıyev, Fəxriyyə Məmmədova, Timurçin Məhərrəmbəyli, Rövşən Məhərrəmov, Əmrah Əliyev, Ayan Məmmədova, Azadə Rəhimova, Lalə Ələsgərli, Hikmət Alışanovun, tələbələrdən isə Nihad Novruzov, Musa Süleymanov, Fəridə Şahbazzadə, Gülər Pirizadə, Rüstəm Əbdüləzizov, Esmira Sadıqova, Xoşqədəm Şirinli, Günəş Əliyeva, Yasəmən Nurinin adlarını çəkmək olar.