Tibb Universiteti “ Bakı-2015 Avropa Oyunları” ilə əməkdaşlığa başlayır
Bu gün Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovun Bakı-2015 Avropa oyunlarının tibb direktoru xanım Pem Vedinglə görüşü baş tutub.
Görüş zamanı millət vəkili, akademik Əhliman Əmiraslanov Azərbaycanın növbəti dəfə beynəlxalq miqyaslı tədbirə ev sahibliyi edəcəyi ilə bağlı fikirlərini səsləndirib, dövlətimizin bu tədbiri yüksək səviyyədə təşkil edəcəyindən əminliyini bildirib.
Daha sonra rektor Tibb Universitetinin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları barədə söz açıb. ATU-nun Azərbaycanda yeganə tibb təhsil müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var. ATU-da 160-dan çox professor çalışır, müəllim heyətinin sayı 600-nəfərə çatır.
Xanım Pem Veding öz növbəsində ATU rəhbərliyini əldə olunan nailiyyətlərə görə təbrik edib, tanışlıqdan məmnun olduğunu bildirib. Xanım direktor gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində güclü mütəxəssislərə ehtiyac olduğunu qeyd edərək bu məsələdə Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
Görüş zamanı Avropa oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarışmalar zamanı həmçinin Tibb Universitetinin təmsilçilərinin həkim briqadası da xidmət göstərəcək.
Daha sonra qonaq ATU-nun klinikalarını ziyarət edib, buradakı təlim mərkəzləri ilə yaxından tanış olub. O, klinikalardakı şəraiti, müasir texniki avadanlığın mövcudluğunu yüksək qiymətləndirib.
Qeyd edək ki, görüşdə Bakı-2015 Avropa oyunlarının direktor müavini Rəşid Vəzirov, ATU-nun Elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Tədris Cərrahiyyə Klinikasının müdiri, dosent Hacıqulu Bağırov, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri dosent Rəhimə Qabulova, rezidentura şöbəsinin dekan müavini, həmçinin Bakı-2015 Avropa oyunlarının ictimai səhiyyə üzrə meneceri İsmayıl Əfəndiyev iştirak ediblər.