Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva və həkimlərinin iştirakı ilə “Kök hüceyrə transplantasiyasında ən son yeniliklər” mövzusunda seminar keçirilib.
Yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev qonağı və seminar iştirakçıkarını salamlayaraq klinikanın strukturu, iş prosesi, tədris və müalicə işlərinin təşkili haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Türkiyənin Acıbadem Universitetinin professoru, dr. Ant Uzay hematoloji xəstələrdə sümük iliyi nəqlinin əhəmiyyəti haqqında geniş məlumat verib.
Qanın malign xəstəliklərində sümük iliyi transplantasiyası ilə ölüm faizinin azalmasını qeyd eden professor kimyəvi dərman müalicəsindən sonra standart və yüksək risk qrupuna ayrılan xəstələrdə transplantasiyaya göstəriş haqqında danışıb. Qeyd edib ki, autoloq sümük iliyi transplantasiyası xəstənin remissiya dövründə öz bədənindən aferez cihazı yolu ilə kök hüceyrənin toplanaraq özünə vurulmasıdır. Daha çox Multipl Mielom, Hockin limfoma, qeyri-Hockin limfoma, solid şişlərin bəzi növündə, bəzi nevroloji və mübadilə xəstəliklərində istifadə olunur.
O, allojenik sümük iliyi transplantasiyasının isə HLA uygun donorla (qohum ve ya qeyri -qohum) mieloblast leykoz, keskin limfoblast leykoz, aplastik anemiya, mielofibroz və s. kimi xəstəliklərdə tam sağalmaya səbəb olduğunu vurğulayıb.
A.Uzay autoloq sümük iliyi transplantasiyasının hematoloji xəstəlik, sitogenetik dəyişiklik, yanaşı xəstəliyə görə tam sağalma və ya ortalama sagqalmanın yüksəlməsi kimi fərqli nəticələndiyini qeyd edib.
Daha sonra çıxış edən klinikanın direktoru, professor Surxay Musayev klinikada qonaq olan Dr. Ant Uzaya təşkil etdiyi seminara görə öz dərin təşəkkürünü bildirib. Belə seminarların keçirilməsinin əhəmiyyətindən danışan S.N.Musayev gələcəkdə də bu mövzuda klinika ilə əməkdaşlığın önəmini vurğulayıb. Öz növbəsində professor Ant Uzay da yaradılan şəraitə və göstərilən xoş münasibətə görə klinikanın direktoru, professor Surxay Musayevə təşəkkürünü və məmnunluğunu bildirib.
Şəxsi təcrübəsi və transplant xəstələrinin nəticələrini bölüşən professor Ant Uzay seminarın sonunda mövzu ilə bağlı sualları cavablandırıb.