Azərbaycan Tibb Universitetində Şuşanın 270 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktik konfransı davam edir. Konfrans çərçivəsində ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Traxeostomiya” kursu keçirilib.
Təşkilat komitəsinin üzvü, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək, ATU-nun rezidentlərinə göstərilən hərtərəfli diqqət və qayğı haqqında danışıb, rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şərait olduğunu vurğulayıb.
Qulaq, burun-boğaz kafedrasının müdiri Vəfa Pənahian çıxışında ölkədə ilk dəfə bu mövzuya həsr edilmiş kursun keçirildiyini vurğulayıb. Kursun nəzəri və praktiki hissədən ibarət olduğunu, heyvan modeli üzərində əməliyyatların nümayiş etdiriləcəyini bildirən V.Pənahian bu kursun tələbələr və gənc həkimlərə faydalı olacağından əminliyini qeyd edib.
Kurs zamanı ATU-nun Qulaq, burun, boğaz xəstəliklərinin kafedrasının dosenti Ayaz Qasımovun “Boyunun anatomik xüsusiyyətlərinin traxeostomiya əməliyyatının aparılmasında rolu”, kafedranın müdiri professor Vəfa Pənahianın “Qırtlaq və traxeyanın fiziologiyası”, “Prime hospitalın Uzman Dr. Elnur Əkbərovun “Traxeostomiyaya göstərişlər və əks göstərişlər”, Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun Qulaq, burun, boğaz xəstəliklərinin kafedrasının dosenti Ramil Həşimlinin “Traxeostomiyanın texnikası və fəsadları” mövzusunda mühazirələri dinlənilib.
Kursun praktiki bölməsində professor Vəfa Pənahian, dosent Ayaz Qasımov, dosent Ramil Həşimli, dr. Elnur Əkbərov tərəfindən traxeostomiyanın heyvan modeli üzərində icrası aparılıb.
Qeyd edək ki, traxeostomiya tənəffüs yollarının obstruksiyası hallarında icra edilir. Bu zaman cərrahi üsulla boğazın ön hissəsində traxeya ilə ətraf arasında birbaşa hava yolu açılır.
Kursda traxeostomiyanın növləri, onu zəruri edən hallar və s. barədə də ətraflı məlumat verilib. Sonda praktik məşğələnin nəticələrinin müzakirəsi keçirilib. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunan kursa 7 bal təyin edilib.