Professor Gəray Gəraybəyli: 8 noyabr tarixi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu
Azərbaycan Tibb Universitetində "Şuşanın dağları” adlı ədəbi-bədii gecə keçirilib. Şuşanın 270 illik yubileyinə həsr olunmuş tədbir universitetin rektorluğu və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək, “Şuşa ili” çərçivəsində keçirilən növbəti tədbirdə professor-müəllim heyətini, tələbələri və qonaqları salamlamaqdan qürur duyduğunu deyib. Koronavirus pandemiyasına görə son 2 ildə bütün canlı tədbirlərin məhdudlaşdırıldığını söyləyən rektor, məhz “Şuşa ili”ndə bu əlamətdar hadisənin sevincini bölüşmək üçün görüşdüklərini bildirib: “Əlbəttə, bu sevinci bizə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə ilə bəxş edib. 8 noyabr 2020-ci il - Şuşanın azad olunduğu tarix xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu”.
Prezident İlham Əliyevin yanvar ayının 5-də 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladan rektor, hazırda Şuşada intensiv quruculuq işlərinin aparıldığını, şəhərdə mədəni və tarixi əhəmiyyət kəsb edən ardıcıl tədbirlərin keçirildiyini, bu qəbildən Cıdır düzündə Xarıbülbül festivalının baş tutduğunu, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışlarının olduğunu, Vaqif Poeziya Günləri ənənəsinin bərpa edildiyini vurğulayıb.
O, Qarabağ zəfərimizin itkisiz başa gəlmədiyini, düşmənlə savaş meydanında minlərlə Azərbaycan gəncinin canını, sağlamlığını qurban verməli olduğunu təəssüflə yada salıb: “Bu müqəddəs yolda canından keçən şəhidlərimiz heç zaman unudulmayacaq! Şuşa fatehləri, qazilərimiz, şəhidlərimiz hər zaman qəlbimizdə olacaqlar. Qarabağ uğrunda vuruşmuş qazilərimizə uzun ömür diləyir, şəhid olmuş Vətən oğullarımızın ruhu qarşısında baş əyirik!”
Bundan sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub və ədəbi-bədii gecə Şuşa haqqında videoçarxın nümayişi ilə davam edib.
ATU-nun “Şəfa” xalq çalğı alətləri və “Çinar” rəqs ansamllarının ifasında könül oxşayan musiqi və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat yaşadıb. Azərbaycanın qədim xalq rəqslərindən biri olan “Uzundərə” rəqsi, tələbələrdən Nərmin Camal, Nihad Salahlı, Rafiq Aslanov, Ülkər Gülmalıyeva, Əziz Əhmədli, Zərifə Mehrəliyeva, Nicat Əhmədov, Məryəm Nayıbova, Nigar İbrahimli, Şəmsi Axundov, Fərhan Namazov, Tariyel Əlibəyli, Məhəmməd İbrahimov, Laçın Mehdipur, Minayə Yusifova və Sona Əkbərlinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ruhu Suşada dolaşan sonuncu Xan qızı Xurşidbanu Natəvanının “Olaydım” şeiri isə Stomatologiya fakültəsinin IV kurs tələbəsi Məhəmməd Ərdəbillinin qiraətində səslənib.
Tədbirdə öz baxışı, gülüşü, “Vətən yaxşıdır” mahnısı ilə dillər əzbəri olan, qısa ömrü bir dastana çevrilən Xudayar Yusifzadə də ehtiramla xatırlanıb və xalq arasında “Xudayar təsnifi” adlandırılan bu mahnını Hərbi tibb fakültəsinin V kurs tələbəsi Nicat Nəsiblinin hərbi geyimdə oxuması zalda böyük coşqu yaradıb.
Tədbirin aparıcısı Əli Əliyev “Şəfa” xalq çalğı alətləri ansamblının hazırki əsas heyətinin təhsili başa vurmaqla əlaqədar son konsertini verdiyini, estafeti tələbə dostlarına ötürdüklərini, səhnədən gözəl təəssüratlarla ayrıldıqlarını deyib.
Ədəbi-bədii gecə Azərbaycan Tibb Universitetinin himninin sədaları altında başa çatıb.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayon YAP sədri Azər Süleymanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkologiya Klinikasının direktoru, akademik Əhliman Əmiraslanov, millət vəkili İlham Məmmədov, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Aydın Nuri və digər qurumların nümayəndələri iştirak edirdilər.