Mayın 26-da Azərbaycan Tibb Universitetində Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev və Milli Məclisin deputatı Məlahət İbrahimqızının tələbələrlə görüşü keçirilib.
Görüşdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. Prorektor vurğulayıb ki, bu fondun şərtləri və sosial imkanları sayəsində ödənişli təhsil indi daha əlverişli olacaq. Professor S.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin 17 noyabr 2021-ci il tarixli fərmanının icrası ilə bağlı Tibb Universitetində də işçi qrup yaradılıb. Artıq 60-dan çox tələbə təhsil haqqının ödənilməsi üçün kredit alınması ilə bağlı bu komissiyaya müraciət edib.
Öz növbəsində Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları, kredit almaq üçün tələb olunan ümumi şərtlər və meyarlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, fondun iş prinsipləri haqqında məlumat vermək üçün ali məktəblərdə tələblərlə silsilə görüşlər keçirilir: “Fondun fəaliyyətinin əsas məqsədi ölkədə təhsilin hamı üçün, xüsusilə əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir”. Fondun layihələri, hədəfləri və tələbləri barədə də söhbət açan A.Paşayev vurğulayıb ki, burada prinsip hamının təhsil almasına bərabər imkanlar yaratmaqla yanaşı, həm də təhsilin əhatə dairəsini genişləndirməkdən və eləcə də ölkədə təhsilin keyfiyyətini yüksəltməkdən ibarətdir. Ölkədə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin bu fonda tələbə krediti üçün müraciət edə biləcəyini deyən fond rəhbəri, bu tədris ilinin əvvəlindən etibarən fondun yaratdığı portal üzərindən müraciətlərin qəbul olunduğunu da diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticəsindən danışıb. Deputat qeyd edib ki, bu gün ölkədə gənclərə, o cümlədən ali təhsil müəssisələrində təhsil alan tələbələrə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Hazırda tətbiq olunan sosialyönümlü yeni layihələr, proqramlar da tələbələrin təhsil zamanı daha uğurlu nəticələr əldə etməsinə və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət edir.
Sonda iştirakçılar bir sıra təkliflər səsləndirib, onları düşündürəni suallara aydınlıq gətirilib.
Görüşdə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, baş mühasib İlqar Mehrabov, fakültə dekanları və digər şəxslər iştirak edirdilər.