Professor Çingiz Rəhimovun Stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı tibbi lüğət” kitabının təqdimatı olub

 

Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimovun kitabının təqdimatı keçirilib.

ATU-nun İctimai Nəzarət-Məsləhət Şurası və Azərbaycan Ağız və Üz-çənə Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə stomatoloqlar üçün “İngiliscə-Azərbaycanca-Rusca izahlı tibbi lüğət” kitabı iştirakçılara təqdim edilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva çoxillik zəhmətin bəhrəsi olan lüğətin tibb işçiləri üçün çox faydalı vəsait olduğunu söyləyərək əsəri sanballı elmi iş kimi dəyərləndirib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli lüğətin təkcə stomatologiyada deyil, tibbin digər yanaşı sahələrində çalışanlar üçün də əhəmiyyətli mənbə olduğunu vurğulayıb. Qeyd edib ki, bir çox sahələrdə olduğu kimi, stomatologiyada da ədəbiyyatların əksəriyyəti xarici dillərdə olduğuna görə tələbə və rezidentlər ana dilimizdə kitabların azlığından şikayətlənirlər: “Məsələnin həllinin bir yolu xarici ədəbiyyatın Azərbaycan dilinə peşəkar tərcüməsidirsə, digər yolu bu məsələni lüğətlər vasitəsilə yoluna qoymaqdır. Bu mənada, professor Çingiz Rəhimovun zəhmətinin bəhrəsi olan bu lüğətin hazırlanıb çap edilməsi çox faydalı bir işdir”.

Milli Məclisin deputatları İlham Məmmədov, Ülvi Quliyev, Tibb Universitetinin professoru Vaqif Şadlinski, ATU-nun İctimai Nəzarət şurasının sədr müavini Aidə Bəndəliyeva və digərləri çıxışlarında kitabın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimov bu kitabı atası, ölkəmizdə rentgenologiyanın banisi sayılan professor Rəhim Rəhimovun xatirəsinə ithaf etdiyini bildirib. O, sürətlə inkişaf edən stomatologiya sahəsində yeni texnologiyaların və materialların, yeni metodların tətbiqi ilə əlaqədar tibbi ədəbiyyata yeni söz və terminlərin gətirildiyini bildirərək kitabın bu sahədəki boşluğu doldurmaq zərurətindən yarandığını bildirib.

Çıxışının sonunda professor Çingiz Rəhimovu 20 ildən çox müddətdə üzərində işlədiyi vəsaitin tədris prosesində də müəllim və tələbələrə yaxından kömək edəcəyindən əmin olduğunu vurğulayıb.

Təqdimat mərasimində Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin müəllimləri, stomatoloq və rezidentlər iştirak ediblər. Tədbirdə mövzuya dair videoçarx da nümayiş olunub.