Qazi Universitetinin professorları ATU-da mühazirə söylədilər
Türkiyənin Qazi Universiteti Nüvə Tibb fakültəsinin professorları təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) qonaq olublar.
Universitetin biofizika kafedrasının dosenti Dr. Ayşe G. Canseven Kurşun, İmmunologiya kafedrasının professoru Prof Ayşegül Atak Yücel, Nüklear tibb kafedrasının professoru Dr. Neşe İlgin Karabacak ATU-nun uyğun kafedralarında tələbələr və rezidentlərə mühazirə oxuyublar, həmkarları ilə təcrübə mübadiləsi aparıblar.
Dr. Neşe İlgin Karabacak saytımıza açıqlamasında bildirib ki, mühazirələr zamanı tələbələrə əsasən pozitron emissiya tomoqrafiyası ilə bağlı bilgilər verilib, müxtəlif slaydlar nümayiş etdirilib. Professorun sözlərinə görə, hələlik Azərbaycan bu sahədə çalışma prinsipləri oturuşmayıb: "Bu metod həmçinin onkologiyada vücudun görüntülənməsi, kimyəvi terapiya növünün seçiminin dəyərləndirilməsi, metabolik görüntüləmə zamanı da tətbiq edilir. Nevroloji, kardioloji, miokard xəstələri, bypass olması gərəkən xəstələrin ürəyinin durumunun qiymətləndirilməsi üçün də çox önəmli metoddur".
Dr.Karabacak hesab edir ki, Azərbaycan Tibb Universitetində də nüklear (nüvə) tibb departamentinin qurulması çox yaxşı olardı: "Azərbaycanda bir qədər fərqli mexanizmlər tətbiq edilir, radiodiaqnostikadan istifadə olunur. Ümid edirik ki, ATU-da yeni cihazlar, yeni protokollarla bu metodun tətbiqinə nail olmaq mümkün olacaq".
Qeyd edək ki, Qazi Universitetinin nümayəndə heyəti ATU-da bir həftə ərzində qonaq olub. Lakin professor Karabacak qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, Azərbaycan Tibb Universitetində nüvə tibbinin inkişafı üçün lazın olan köməyi əsirgəməyəcəklərini bildirir.