Mərakeş krallığının səfiri ATU-da qonaq olub

 

Azərbaycan Tibb Universiteti (ATU) rəhbər nümayəndələri ilə Mərakeş krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarch arasında görüş keçirilib. Görüşdə Azərbaycan Tibb Universitetində Mərakeş vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, müasir klinik bazaları, tələbə yataqxanaları haqqında geniş məlumat verib. O, həmçinin son illər ərzində universitetdə aparılan islahatlar, yeniliklər, tədris planlarındakı dəyişikliklər haqqında da danışıb. Rektor, professor Gəray Gəraybəyli ATU-nun 5 ixtisasının beynəlxalq akkreditasiyadan keçməsi haqqında da məlumatları qonaqlarla bölüşüb.

Mərakeş krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarch ölkəsindəki tibb universitetləri ilə ATU arasında əlaqələrin yaradılması, bu məqsədlə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinin zəruri olduğunu bildirib. Səfir bu istiqamətdə atılması vacib olan addımlar haqqında da danışıb.

ATU-nun Xarici tələblərlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov əcnəbi tələbələrin qəbul prosesi haqqında ətraflı məlumatı paylaşıb. Artıq 3 ildir əcnəbi tələbələrin ATU-ya online qaydada qəbul olunduğunu bildirib. Bu məqsədlə xüsusi olaraq “admission.amu.edu.az” saytının yaradıldığını qeyd edərək bu addımın qəbul prosesinin funksionallığına ciddi təsir göstərdiyini vurğulayıb.

Görüşdə ATU-nun işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov, Xarici tələbələrlə iş üzrə dekan dosent Qorxmaz Əhmədov, Mətbuat xidmətini rəhbəri Günel Aslanova, Səfirin müşaviri Mohammed Faouzi Touger də iştirak edirdilər.