Şimalı Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Girne şəhərində 57-ci Türk Pediatriya Konqresi keçirilib. Konqresdə 1868 həkim, 300 alim iştirak edib, gənc həkimlər üçün 7 kurs təşkil olunub.
Konqresdə pediatriyanın müxtəlif sahələrini əhatə edən 265 poster, 102 sözlü məruzə dinlənilib. ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova "Sözlü məruzələr" panelinə, I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva isə "Narkotik maddələrin istifadəsi və uşaq" panelinə sədrlik ediblər. Konqresdə ilk dəfə olaraq "Turkish Archives of Pediatrics" jurnalının panelləri elmi müzakirələrin yüksək səviyyəsilə fərqlənib.
Tədbiri dəyərli edən məqamlardan biri də professorlar Özgür Kasapçopur və Nur Canpolat tərəfindən nəşrə hazırlanmış "Pandemide hekim olmak" kitabının təqdimatı idi. Pandemiya dövründə həkimlərin yaşadıqları hadisələrdən bəhs edən kitab, onların həssas, dözümlü fəaliyyətini bir daha gözlər önünə gətirir və həkimliyin beynəlmiləl dəyərlərə sahib olması zərurətinə əminlik yaradır. Kitabın satışından əldə edilən gəlirin pandemiyada həyatını itirən həkimlərin övladlarının təhsilinə sərf ediləcəyi planlaşdırılır.