4 gün davam edən festivalda 10 universitetin 290 tələbəsi 7 idman növü üzrə öz bacarıqlarını nümayiş etdirib
Azərbaycan Tibb Universitetində Müstəqillik Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında müxtəlif idman növləri üzrə “Zəfər festivalı” adlı yarışlar keçirilib. 4 gün davam edən festivalda ölkəmizdə fəaliyyət göstərən 10 universitetin 290 tələbəsi 7 idman növü üzrə öz bacarıqlarını nümayiş etdirib.
Yarışlarda qalib gəlmiş komandaların mayın 31-də ATU-nun Tədris İdman Kompleksinin həyətində mükafatlandırma mərasimi olub. Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, universitetin müəllimləri və qonaqların iştirakı ilə İdman Kompleksinin foyesində şəhidlərimizin xatirə guşəsinin önünə gül dəstələri düzülüb.
ATU-nun tələbələri Dilbər Rahim Əliyeva, Əli Əliyevin aparıcılığı ilə universitetin “Təbib” İdman Klubunun fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verilib, tələbələrimizin idman sahəsində qazandığı uğurlardan söhbət açılıb. Yarış iştirakçıları sıraya düzüldükdən sonra Dövlət Himni səsləndirilib.
Sonra söz professor Gəray Gəraybəyliyə verilib. Rektor bu tədbirin Müstəqillik Gününə həsr edildiyini xatırladaraq, bu gün üçrəngli bayrağımızın Şuşada, işğaldan azad edilmiş digər şəhər və kəndlərimizdə dalğalandığını qeyd edib: “Bu sevincə görə biz Ali Baş Komandan, ölkəmizin prezidenti İlham Əliyev cənablarına və onun rəhbərliyi altında vuruşmuş rəşadətli ordumuza borcluyuq. 44 günlük müharibə nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız erməni tapdağından azad olunub. Bu gün o torpaqlarda çox sürətlə abadlıq-quruculuq işləri aparılır.
Bildiyiniz kimi, ölkəmizdə idman və gənclər siyasətinə daim böyük diqqət yetirilir. İdman və gənclərin inkişafı siyasəti Azərbaycanın daxili siyasətinin prioritet hədəflərindən hesab olunur. Bu, hər zaman belə olub, bu gün də bu istiqamət uğurla davam etdirilir. Ölkə rəhbərliyi gənclərimizin inkişafına, mənəvi və fiziki hazırlığına, gələcəkdə Azərbaycanın daha da qüdrətli bir dövlət olması üçün onların bütün sahələrdə iştirakına hər cür şərait yaradır. Çox şadam ki, universitetimizdə belə bir tədbir təşkil olunub. Bu yaxınlarda ölkəmizdə keçirilən “Küləyə qalib gələk” şüarı altında Bakı Marafonunda da tələbələrimiz uğurla iştirak ediblər. Sevindirici haldır ki, bu gün toplaşdığımız “Zəfər festivalı”nda azərbaycanlı tələbələrlə yanaşı, qardaş Türkiyə, Pakistan, İran, Türkmənistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Suriya, Nigeriya və Honduras kimi ölkələrin nümayəndələri də iştirak ediblər”.
Rektor Azərbaycan Tibb Universitetinin 4 idman növü - şahmat, stolüstü tennis, badminton və oğlanlar arasında voleybol üzrə yarışlarda rəqiblərindən üstün olaraq 1-ci, Azərbaycan Dillər Universitetinin 2-ci, Bakı Dövlət Universitetinin isə 3-cü yeri qazandıqlarını qeyd edib, qaliblərə təbriklərini çatdırıb.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında son zamanlar ATU-nun rəngarəng, yaddaqalan və faydalı tədbirlər həyata keçirdiyini bildirib: “Biz son iki ayda bir neçə dəfədir ki, Tibb Universitetində keçirilən tədbirlərdə görüşürük. Mən bu tədbirlər sırasında ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın doğum günləri və “Şuşa ili” münasibəti ilə təşkil edilmiş tədbirləri xatırlatmaq istərdim. Bu gün biz bura idman yarışları üzrə qaliblərin mükafatlandırılması üçün toplaşmışıq. İdman gənclərimizin inkişafı üçün çox vacib bir vasitədir. Bu gün gənclərimiz idmanla məşğul olur, sağlam əhval-ruhiyyədə böyüyür, gələcəyə böyük ümidlə baxırlar. Gənclərin bir yerdə asudə vaxtlarını keçirmələri, fiziki sağlamlıqlarını qoruyub saxlamaları üçün bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir”.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da öz çıxışında ölkə başçısı və dövlətimizin idmana göstərdiyi qayğıdan və ATU-da təşkil olunmuş idman yarışlarının əhəmiyyətindən söhbət açıb.
Sonra Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanovun iştirakı ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Nəsimi rayon İH başçısı Asif Əsgərov, YAP rayon təşkilatının sədri Azər Süleymanov, “Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev qalib komandalara mükafatları təqdim ediblər.
Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Aydan İlxaszadə və Azərbaycan Dillər Universitetinin əməkdaşı Şahverən Babayevin ifa etdikləri mahnılar könülləri oxşayıb, tədbirə xoş çalarlar qatıb.