Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin “Orhun mübadilə proqramı” çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin Tibb fakültəsinin Tibbi biologiya kafedrasının professoru Zeliha Selamoğlu 16-29 may 2022-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasında akademik fəaliyyət göstərib.
Professor Z.Selamoğlu bu müddətdə tələbələr və rezidentlər üçün mühazirələr oxuyub, praktik məşğələ dərsləri aparıb. Mayın 25-də onun “Selen birləşmələrinin metabolik proseslərdə antioksidant kimi rolu” mövzusunda seminarı keçirilib. Seminarda ATU-nun bir çox kafedralarının professor-müəllim heyəti və tələbələr iştirak edib. Seminarı ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov açıq elan edib. Şöbə müdiri Türk Dövlətləri Təşkilatının Universitetlər Birliyi, qonaq professor və onun gəlişinin məqsədi ilə bağlı ətraflı məlumat verib. Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova öz çıxışında türkiyəli qonağın toxunduğu mövzunun əhəmiyyətindən danışaraq, seminarın əhəmiyyətli olacağından bəhs edib. Seminar iştirakçılar tərəfindən çox maraqla qarşılanıb və məruzəçi onların çoxsaylı suallarına cavab verib.
Z.Selamoğlunu səfərinin son günü İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev qəbul edib. Görüş zamanı universitetimizdə, o cümlədən İctimai səhiyyə fakültəsində aparılan tədris islahatları və yeniliklər barədə ətraflı məlumat verilib. Bu cür mübadilə proqramları vasitəsilə professor-müəllim heyətinin və tələbələrin mübadiləsinin tədris prosesinin keyfiyyətinin artırılmasında və həmçinin tərəflər arasında əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyəti vurğulanıb. Qonaq professor Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, ATU-da olmağından çox məmnun qaldığını bildirib. Bioloji kimya kafedrasının əməkdaşlarının onu çox mehriban qəbul etdiyini deyən qonaq, layihənin sosial-mədəni proqramının da çox zəngin təşkil edildiyini qeyd edib və yüksək qonaqpərvərlik üçün ATU rəhbərliyinə öz dərin minnətdarlığını çatdırıb. Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Bioloji kimya kafedrasının müdiri, professor Gülnarə Əzizova, Mübadilə proqramları üzrə koordinator Dünya Bayramova da iştirak ediblər. Görüşün sonunda qonaq professora müvafiq sertifikat təqdim olunub.