Azərbaycan Tibb Universitetində (ATU) Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə təşkilatla ali məktəb arasında əlaqələrin yaradılması, intensiv iş birliyinin qurulması, universitetdə YAP Gənclər Birliyinin klublarının formalaşdırılması kimi məsələlər müzakirə olunub.
Rektor professor Gəray Gəraybəyli ATU tələbələrinin iştirakı ilə keçirilən tədbirlər, universitet nəzdində fəaliyyət göstərən tələbə klublarının işi haqqında danışıb. ATU-da tələbələrin idarəetmədə rolunun genişləndirildiyini bildirən rektor G.Gəraybəyli artıq tələbə dekanların seçildiyini və Elmi Şurada təmsil olunduğunu, nəticədə onların rəhbərliklə birbaşa əlaqəsinin yarandığını qeyd edib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar Islamov rəhbərlik etdiyi qurumun ali məktəblərdə təhsil alan gənclərlə əlaqələri möhkəmləndirmək, onlarla birlikdə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra sahələrdə müxtəlif təşəbbüsləri icra etmək məqsədilə silsilə görüşlər keçirdiklərini bildirib. YAP Gənclər Birliyi ATU-nun nəzdində birlik üzvlərindən ibarət tələbə klubunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Görüşdə YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov iştirak ediblər.