Rusiyanın tibb verilişlərinin aparıcısı, professor, elmlər doktoru Yelena Malışeva Azərbaycan Tibb Universitetində qonaq olub. Məşhur aparıcı ilə görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli, rəhbər şəxslər və rezidentlər iştirak ediblər. Qonağa ATU-dakı tədris prosesi, təhsildə tətbiq olunan müasir standartlar, tələbələrlə yanaşma, universitetin maddi-texniki bazası və s. barədə məlumat verilib.
Doktor Yelena Malışeva görüş iştirakçıları ilə öz təcrübəsini bölüşüb, məşhurlaşmasına səbəb olan tibb televiziya proqramlarının yaradılması ideyası və bu təşəbbüsün reallaşdırılmasında üzləşdiyi çətinliklər haqqında danışıb, başına gələn maraqlı əhvalatları paylaşıb. Həmçinin, gələcək həkimlərə məsləhətlərini verib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli maraqlı və səmimi söhbət üçün qonağa təşəkkür edərək rusiyalı həmkarını yenidən ATU-da görmək istədiklərini bildirib. Rektor Yelena Malışevanın iştirakı ilə ATU-da daha geniş tədbirlər keçirilməsi təklifini səsləndirərək onu yenidən Bakıya dəvət edib.
Səmimi şəraitdə keçən görüşdən sonra qonaq ATU-nun Tədris Cərrahiyyə Klinikasını ziyarət edib, burda neonatologiya şöbəsinin işi ilə yaxından tanış olub.
Sonda görüş iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Bakıda iki günlük səfərdə olan Yelena Malışeva "Səhiyyə TV"nin açılışında iştirak edib, bir sıra tibb müəssisələri və klinikalarda görüşlər keçirib.