Səhiyyə naziri Teymur Musayev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranı qəbul edib.
Səhiyyə naziri ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirib. Onun sözlərinə görə, uzun illər ərzində tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün səmərəli işlər görülüb.
Öz növbəsində Mehmet Cahit Güran səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında sıx əlaqələrin mövcudluğunu vurğulayaraq, ölkələrimizin mütəxəssis və həkimlər üçün təcrübə mübadiləsi və ixtisasartırma proqramlarında iştirakı üçün qarşılıqlı səfərlər təşkil olunduğunu diqqətə çatdırıb.
Daha sonra Teymur Musayev Qazi Universitetinin rektoru Musa Yıldızla görüşüb. Görüşlərdə Azərrbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də iştirak edərək, qurum nümayəndələrinə universitetdə baş verən yeniliklər haqqında məlumat verib.
Görüşdə nazir T.Musayev xatırladıb ki, ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti ilə Türkiyənin 20-ə yaxın nüfuzlu universitetləri arasında anlaşma memorandumu imzalanıb və bu istiqamətdə səmərəli əməkdaşlıq aparılır: “Bu sazişlər çərçivəsində bir çox sahələr üzrə qarşılıqlı fəaliyyət və birgə layihələr icra olunur”.
Musa Yıldız bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının mütəxəssisləri Azərbaycan Tibb Universitetində təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər.