“Hədəfimiz klinikada ən unikal əməliyyatların aparılmasıdır”
2013-cü il sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstərilir. Bu müəssisədə ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Tibb müəssisəsi müxtəlif cərrahi əməliyyatlar aparmaq üçün ən müasir avadanlıqla təchiz edilib.
Klinikada cərrahi və diaqnostik istiqamətlərdə kafedralar və şöbələr fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə tədrisi ilə professional bir heyət məşğul olur.
Klinikanın direktoru Hacıqulu Bağırovun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası MDB məkanında bu tipli vahid tədris cərrahi klinikadır:
"Əsas vəzifəmiz tədrislə müalicəni professional olaraq aparmaqdır. Cərrahi yönümlü bütün kafedraların yerləşdiyi klinikamızda treninq mərkəzi, multi-media ilə təchiz olunmuş dərs otaqları mövcuddur.
Hədəfimiz ən unikal əməliyyatların aparılmasıdır. İnvaziv kardiologiya əməliyyatının aparılması artıq reallaşıb. Açıq qəlb əməliyyatlarının aparılması üçün ciddi hazırlıq işləri görülür. Transplantasiya əməliyyatlarını dərindən öyrənmək məqsədilə əməkdaşlarımızı Türkiyəyə ezamiyyətə göndərmişik. Gələcəkdə qaraciyər və böyrək köçürmə əməliyyatları həyata keçiriləcək. Bu sahədə səriştəsi olan mütəxəssislərimiz var".
H.Bağırov bir rəhbər kimi Klinikadakı mütəxəssislərin səviyyəsindən çox razıdır: "Onu da bildirim ki, burada universitetin 16 kafedrası fəaliyyət göstərir. Professor-müəllim heyətindən əlavə hörmətli rektorumuz akademik Əhliman Əmiraslanovun tövsiyəsi ilə xaricdə təhsil alan uzmanlar klinikamıza yönləndirilir. Sevindirici haldır ki, mama-ginekoloji, burun-boğaz-qulaq, ağız, üz-çənə, ürək-damar cərrahiyyəsi, travmatologiya, urologiya, radiologiya sahələri üzrə fəxr edə biləcəyimiz mütəxəssislər çalışırlar. Hələlik klinikada gün ərzində 20-25 əməliyyat aparılır, hədəfimiz isə bu rəqəmi 60-70-ə çatdırmaqdır".
Direktor onu da bildirdi ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və xeyir-duası ilə fəaliyyətə başlayan Tədris Cərrahiyyə Klinikasının qısa müddətdə müsbət imic qazanmasında universitetimizin rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanovun şəxsi nüfuzu böyük rol oynayıb: "Kollektivimizin qarşısında duran başlıca vəzifə də bu müsbət imici qoruyub saxlamaq, klinikamızı ölkənin ən reytinqli klinikasına çevirməkdir".
Tədris-Cərrahiyyə Klinikası haqqında geniş materialı "Təbib" qəzetinin 16 sentyabr tarixli sayından tanış ola bilərsiniz.