Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Başkənd Universitetinin təsisçisi, tanınmış cərrah Mehmet Haberal ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri, birgə layihələrə dair təşəbbüslər müzakirə olunub.
ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa universitetin fəaliyyəti haqqında ətraflı məlumat verərək beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsinin ATU üçün inkişaf strategiyasının əsas prioritetlərindən biri olduğunu vurğulayıb. G.Gəraybəyli qardaş Türkiyə universitetləri, elm mərkəzləri və alimləri ilə əməkdaşlığın ATU üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Öz növbəsində Türkiyənin Başkənd Universitetinin təsisçisi, Türkiya Orqan Nəqli Dərnəyinin (TOND) qurucu prezidenti, Türkiyədə ilk dəfə transplantasiya əməliyyatını həyata keçirən Mehmet Haberal da müxtəlif sahələr üzrə əməkdaşlığı gücləndirməyin tərəfdarı olduğunu qeyd edib. Qeyd edək ki, Başkent Universiteti qurucusu Mehmet Haberal 2006-cı ildən ATU-nun Elmi Şurasının qərarı ilə Azarbaycan Tibb Universitetinin qonaq professorudur. Tibb sahəsində bir çox mükafatların sahibi olan Mehmet Haberal 2010-cu ildə Amerika Cərrahlar Kolecinin fəxri üzvü seçilib.
Görüşdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Başkənd Universitetinin koordinatoru Fayyaz Atıkoğlu, “Medservis” özəl tibb mərkəzinin direktoru Hikmət İsmayılov iştirak ediblər.