Azərbaycan Tibb Universitetində İsrail tibb günü keçirilib

 

 

İyunun 13-də Azərbaycan Tibb Universitetində (ATU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevayanın təşəbbüsü ilə İsrail tibb günü keçirilib. ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbirdə İsraildən olan tibb mütəxəssisləri, azərbaycanlı həkimlər, tələbə və rezidentlər iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov tədbir iştirakçılarına ali məktəbin fəaliyyəti, əldə olunan nailiyyətlər, tədris sistemi haqqında ətraflı məlumat verib. O, əməkdaşlığın genişlənməsinə xidmət edən belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bu təşəbbüslərin qarşılıqlı təcrübə mübadiləsi baxımından da önəm kəsb etdiyini qeyd edib. Prorektor R.Bəylərov 44 günlük Vətən müharibəsi dövründə İsrail hökumətinin dəstəyinə görə təşəkkürünü də çatdırıb.

 

İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik çıxışında ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişafından söz açıb. Bu tədbiri də ölkələrarası əlaqələrin inkişafına töhfə kimi qiymətləndirib. Cənab səfir tolerant ölkə olan Azərbaycanda yəhudilərin heç bir problem yaşamadığını da dilə gətirib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru professor Surxay Hadıyev da belə elmi mərasimlərin gənc həkimlərin bilik və bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Çıxış edənlər İsrail Tibb Gününün təşkilinə görə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini çatdırıblar.

 

İsrail tibb günündə bu ölkədən gələn mütəxəssislərin ATU-nun rezidentləri üçün müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Dr. Mikki Gideon “Neyrocərrahiyyədə robototexnika”, Professor Dani Landau “Uşaq nefrologiyasının müalicəsində yeni metodlar”, Dr. Patrick Shtafler “Uşaq pulmonologiyasında innovasiyalar”, Dr. İsabella Caracas “Qadınlarda hamiləlik və ətraf mühit araslndakı əlaqə” kimi mövzularda məruzələr səsləndiriblər.

 

Seminardan sonra İsraildən gələn nümayəndə heyətinin ATU-nun kafedralarında yerli tibb mütəxəssisləri və rezidentlərlə görüşləri keçirilib.